Sahibkarlığın və sahibkarların himayədarı

Azərbaycanın dövlətçilik salnaməsi, iqtisadi yüksəlişi, ictimai-siyasi sabitliyi və sosial tərəqqisi ilə zəngin uzun bir dövrü Ümummilli Lider Heydər Əliyevin müdrik şəxsiyyəti və uzaqgörən siyasəti ilə bağlıdır. O, xalqın nicat arzularını öz liderliyində cəmləşdirərək, müstəqil Azərbaycanın inkişaf yolunu böyük dəqiqlik və qətiyyətlə müəyyənləşdirdi.
Heydər Əliyevin formalaşdırdığı milli inkişaf strategiyası bu gün Azərbaycanı dünya iqtisadi məkanında sabitlik və tərəqqi nümunəsinə çevirmişdir. Onun siyasi iradəsi ilə həyata keçirilən dərin və məqsədyönlü islahatlar demokratik dəyərlərə əsaslanan, güclü və dayanıqlı dövlət quruculuğunun təməlini qoymuşdur. Bu mütərəqqi quruculuq yalnız dövrün deyil, həm də gələcəyin çağırışlarına cavab verən modern bir iqtisadi sistemin yaranmasına yol açmışdır.
Ümummilli Lider tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi sayılan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.
Bazar iqtisadiyyatına keçidin, yeni mülkiyyətin formalaşması prosesinin diktə etdiyi ən başlıca şərtin məhz özəl sektorun fəaliyyəti üçün dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasından ibarət olması heç kəsə sirr deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ümumi daxili məhsul istehsalında bu təbəqənin rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək mümkün deyil. Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil etməli idi. Odur ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, ardınca inkişaf yoluna çıxarmaq oldu. Ulu Öndərin həyata keçirdiyi iqtisadi siyasət ölkə iqtisadiyyatının bütün sahələrinin inkişaf modelini yaratdı.
Heydər Əliyevin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı inkişaf etməkdə olan dövlətlər sırasına çıxardı, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcəyin təməlini qoymuş oldu.
Ulu Öndərin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni – bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, – deyən Heydər Əliyev ölkənin gələcək iqltisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.
Ümummilli Lider ilk illərdən ölkədə bazar münasibətlərinin formalaşması və inkişafı sahəsində sahibkarlığın əhəmiyyətini yüksək dəyərləndirmiş, onun təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər)” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramının (2002-2005-ci illər)” həyata keçirilməsi təmin edilmişdir. Bu proqramlar ölkədə sahibkarlığın formalaşması və inkişaf modelinin əsasını yaratmışdır. Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin – iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli Lider milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Onun sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar imzalaması, dövlət proqramlarının qəbul edilməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. Ümummilli Liderin 2002-ci il aprelin 25-də yerli və 14 mayda xarici iş adamları ilə keçirilən görüşlərində sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunmuşdur. Həmin dövrdən keçən müddət ərzində Azərbaycanda iqtisadiyyatın dayanıqlığı üçün sahibkarlığın inkişafı prioritet istiqamət olaraq Prezidentin diqqət mərkəzində olmuş və bu sahədə mühüm uğurlar əldə edilmişdir. Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi təsis edilmişdir.
2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ulu Öndərin özü qədər inandığı və böyük ümidlər bəslədiyi cənab İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafını təmin etmişdir.
Prezident İlham Əliyev ölkəmizdəki biznes mühiti barədə demişdir: “Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.” Bütün bunlar ölkəmizdə sahibkarlığa göstərilən böyük etimad və inamdır.
Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmışdır.
Azərbaycan sahibkarları da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sahibkarlığın inkişafına verdiyi töhfəni yüksək dəyərləndirirlər. Son illər ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır və bu işdə Mehriban xanımın rolu danılmazdır.
Hazırda Azərbaycan dövləti tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün mühüm tədbirlər həyata keçirilir. Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışını edir. Dövlət başçısının Ağdam rayonuna sonuncu səfəri zamanı iş adamlarına müraciət edərək onları həm Ağdama, həm də işğaldan azad edilmiş digər ərazilərə sərmayə qoymağa çağırdı. Azərbaycanda yeni biznes qurmaq və sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradıldığını vurğulayan Prezident qeyd etdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də imkanlar yaradır: “Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”. Başqa bir müşavirədə isə cənab İlham Əliyev demişdir: “Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın 2 ildə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar”.
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarlar üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılıb. İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır:
– Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
– Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib.
– Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır.
– Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir.
– Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
– Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir və onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır. Elə bu səbəbdəndir ki, yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikincidir.
Ölkədə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam edən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83, məşğulluqda 78,6 faiz təşkil etmiş, ölkədə aktiv vergi ödəyicilərinin sayı 700 mindən çox olmuşdur. 2024-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılmışdır. Bunlardan əlavə, ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta sahibkarlıq subyektləridir. Onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı da ildən-ilə artmaqda davam edir. Üstəlik, kənd təsərrüfatı məhsullarının istehsalının 99 faizdən çoxu özəl sektorun, xüsusilə kiçik və orta sahibkarların payına düşür. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 70 faiz səviyyəsində idi. Sahibkarlar təkcə istehsalda deyil, həm də məhsulların emalı, qablaşdırılması və bazara çıxarılmasında mühüm rol oynayırlar. Onların fəaliyyəti sayəsində yerli məhsulların rəqabətqabiliyyətliliyi artır. Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1,4 milyondan çoxdur ki, onların da 37 faizdən və ya 520 mindən çoxu kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər.
Məlum olduğu kimi, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın Ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.
Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri olan “Azad sahibkarlıq hüququ” onun 59-cu maddəsində əks olunub: “Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Konstitusiyamızda azad sahibkarlığa dair müəyyən edilmiş bu müddəa ölkəmizin iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır.
Bu gün qarşıda duran hədəflərə çatmaq üçün özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq biz hər zaman sahibkarlarımızın maraqlarını qorumaq, onları məlumatlandırmaq və hüquqlarını müdafiə etmək istiqamətində çalışırıq. İqtisadi islahatlara fəal dəstək verir, dövlət-sahibkar dialoqunun inkişafına töhfə veririk. Eyni zamanda regional forumlar, təlimlər, beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə yerli biznesin inkişafına, rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlmiş addımlar atırıq.
Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq şuralarıdır. Hazırda Konfederasiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq şuraları fəaliyyət göstərir. Bu şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir.
Azərbaycan Sahibkarlar Konfederasiyası beynəlxalq əlaqələr sahəsində də işini təkmilləşdirir və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq imkanlarından səmərəli istifadə edir. Belə ki, konfederasiya Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi və digər təşkilatlarda yüksək səviyyədə ölkəmizi təmsil edir.
Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi prosesi dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir. Fond tərəfindən 2024-cü ildə verilən güzəştli kreditlərdən istifadə edən sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 75 faiz artaraq 5722 çatmış, verilmiş kreditlərin məbləği isə 28 faiz artaraq 248 milyon manat təşkil etmişdir. İqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən bu layihələrin icrası nəticəsində 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Ümumilikdə indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 51,7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 3,3 milyard manat güzəştli kredit verilmişdir. Maliyyələşdirilmiş layihələr hesabına 200 mindən çox yeni iş yerinin açılmasına nail olunmuşdur.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2024-cü ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. Son fakt: Fiç Reytinq beynəlxalq kredit reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artaraq investisiya dərəcəli reytinqə yüksəldiyini bildirmişdir. Bununla bağlı məlumatda bildirilmişdir ki, Azərbaycan Respublikasının xalis suveren aktivlərinin mövqeyinin növbəti illərdə sabit qalacağı proqnozlaşdırılır və bu, Azərbaycan ilə eyni qrupda olan ölkələr arasında ən yüksək göstəricidir.
Azərbaycan Sahibkarlar Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır. Bundan əlavə, Azərbaycan Hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə tədbirlər həyata keçirirlər. Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyət istiqamətlərini müəyyən edən Baş Kollektiv Saziş çərçivəsində müvafiq işlər həyata keçirilir.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara müvafiq olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edir və bunun nəticəsində yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar ilə işgüzar əlaqənin yaradılmasında və sahibkarlığın inkişaf məqsədilə investisiya qoyuluşunda onlara müvafiq şərait yaradır.
Bu günlər bütün Azərbaycan xalqı kimi, Sahibkarlar Konfederasiyası da Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edirlər. Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın əldə etdiyi bütün uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu səbəbdən tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan Ümummilli Liderin xidmətləri və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaq istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş – azərbaycanlı kimi əsrlər boyu yaşayacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaq.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti