Bakıda AQEM-in Biznes Şurasının 10-cu Biznes Forumu keçirilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
Mayın 20-də Bakıda KOBİA və AQEM Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu keçirilib.
Hibrid formatda təşkil olunan tədbirlərdə AQEM-ə üzv dövlətlərdən ümumilikdə 250-dən çox rəsmi şəxs və iş adamı iştirak edib. Tədbirlərin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.
AQEM-ə üzv dövlətlərin rəsmi şəxslərini və iş adamlarını bir araya gətirən AQEM-in 10-cu Biznes Forumunda biznes sahəsində çağırışlar və imkanlar, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının təşviqi üzrə çıxış və müzakirələr aparılıb. Mövzu üzrə AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Respubikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO icraçı direktoru Yusif Abdullayev fikir və təkliflərini bölüşüblər.
Biznes forumda “AQEM regionunda KOB-ların rəqabətqabiliyyətliliyinin gücləndirilməsi” və “Dayanıqlılıq və qadınların KOB sahəsindəki rolu” mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstan Respublikasının “Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. AQEM Katibliyinin koordinasiyası ilə hazırlanmış “AQEM regionunda KOB inkişafı üzrə e-kitab” layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, bu layihə üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsini təşviq etməyə yönəlib.
Həmçinin, biznes forum çərçivəsində Azərbaycan KOB-larının istehsal etdiyi qida və qeyri-qida məhsullarından ibarət kiçik sərgi təşkil olunub.