skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasında Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili ilə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyinin Müvəqqəti Işlər Vəkili Ilə Görüş Keçirilib

Mayın 27-də Azərbaycan Sahibkarlar Konfederasiyasında Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Mario Martins görüş keçirilib. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib.

Konfederasiya prezidenti Məmməd Musayev Azərbaycanın əlverişli coğrafi mövqeyi, logistika və iqtisadi imkanları haqqında geniş məlumat verərək, Portuqaliyanın iş adamlarını ölkəmizə əməkdaşlığa dəvət edib.

“Azərbaycan ilə Portuqaliya arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir və idxal-ixrac əməliyyatlarındakı məhsul çeşidlərinin sayı minimum həddədir, amma potensial yetərincə var”, – deyən ASK prezidenti ölkəmizdə qeyri-neft sektorunun inkişafının prioritet seçildiyini və bu sahədə Portuqaliya şirkətləri ilə əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayıb.
Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Mario Martins bildirib ki, Azərbaycan ilə ölkəsinin bir çox oxşar cəhətləri var. Hər iki ölkə qitələr arasında xüsusi coğrafi mövqeyə malikdir. “Biz həm Şərqin, həm də Qərbin bir parçasıyıq, Azərbaycan isə Asiya və Avropanın bir parçasıdır”, – deyən Mario Martins Cənubi Qafqazda yalnız Azərbaycanda Protuqaliya səfirliyinin mövcud olduğunu vurğulayıb. Azərbaycandan Portuqaliyaya yalnız neft məhsullarının ixrac edildiyini qeyd edərək, əslində ticarət üçün potensialın daha geniş olduğunu vurğulayıb. Müvəqqəti işlər vəkili əczaçılıq, tibb, tikinti, turizm sektorlarında əməkdaşlıq imkanları haqqında fikirlərini bölüşüb. Xüsusən də Türkiyədə çalışan Portuqaliya şirkətlərinin Azərbaycanda daha rahat iş qurma imkanlarının və təcrübəsinin olduğunu bildirib. O, Azərbaycan müvafiq dövlət qurumlarının və sahibkarların Portuqaliyaya və Portuqaliyanın dövlət qurumlarının Azərbaycana qarşılıqlı səfərlərinin təşkil edilməsi istiqamətində fəaliyyətini gücləndirdiyini diqqətə çatdırıb.

ASK prezidenti Portuqaliyanın müvafiq biznes təşkilatı ilə əməkdaşlığın qurulması və hər iki ölkənin özəl sektoru arasında əlaqələrin yaradılması, qarşılıqlı investisiya imkanları ilə bağlı dəstək verməyə hazır olduğunu bildirib.

Back To Top