skip to Main Content

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının 65-ci iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının 65-ci Iclası Keçirilib

Mayın 26-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC BC) Direktorlar Şurasının 65-ci iclası keçirilib. Biznes Şurasına sədrlik bu ildən Azərbaycana keçdiyi üçün tədbir, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi ilə Biznes Şurasının üzvləri, dövlət rəsmiləri, təşkilatın Daimi Beynəlxalq Katibliyinin iştirakı ilə baş tutub.

İclasda çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin Regional Əməkdaşlıq Şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, Azərbaycanın ticarəti asanlaşdırmaq, səmərəli nəqliyyat infrastrukturu yaratmaq, regionun strateji coğrafiyasından istifadə edərək tranzit və multimodal dəhlizləri gücləndirmək məqsədlərinə sadiq qaldığını qeyd edib. O, həmçinin, sərhəd prosedurlarını sadələşdirmək, rəqəmsal sənədləşməni standartlaşdırmaq və “Vahid-Pəncərə Əməkdaşlığı”, “Regional Ticarətin Asanlaşdırılması Strategiyası” kimi regional çərçivələri təşviq etməklə bağlı işlərin davam etdiyini, ticarət, gömrük və nəqliyyat işçi qrupları arasında effektivliyi artırmaq üçün birgə sessiya təşkil etməyi hədəflədiyini bildirib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini səfir Dimitrios Rallis Azərbaycana sədrlik dövründəki fəaliyyətinə görə təşəkkür edərək iqtisadi əlaqələrin inkişafı üçün qurumların aktiv olmasına hər zaman ehtiyac olduğunu vurğulayıb. İclasda Albaniyanın İqtisadiyyat, Mədəniyyət və İnnovasiya Nazirliyi, Ermənistanın İqtisadiyyat Nazirliyi, Bolqarıstan Ticarət və Sənaye Palatası, Rumıniya Ticarət və Sənaye Palatası, Ukrayna Ticarət və Sənaye Palatasının nümayəndələri və digər iştirakçılar Biznes Şuraya sədrlik dövründə Azərbaycan Sahibkarlar Konfederasiyasının logistika mövzusunda seminar təşkil edilməsi təklifinə müsbət yanaşıblar.

Biznes Şuranın Türkiyə üzrə sədri Selçuk Akat “Biznesmenlər üçün fürsətlərin maliyyələşdirilməsi” adlı tədbirin gələn il İstanbulda təşkil olunmasını təklif edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılı çıxışında bildirib ki, logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 faizədək birbaşa artıma imkan verir.

Onun sözlərinə görə, Qara Dəniz regionunda əməkdaşlığı, sülhü, sabitliyi və rifahı təşviq etməyə yönəlmiş çoxtərəfli siyasi və iqtisadi təşəbbüslərə fokuslanan regional beynəlxalq təşkilat kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) üzv ölkələr arasında logistika imkanları yüksək dəyərləndirilir. Baş katib Azərbaycanın həmçinin beynəlxalq ticarət və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması ilə bağlı səmərəli əməkdaşlıq nümunələri yaratdığını bu istiqamətdə Rusiya, Gürcüstan və Qazaxıstanla əməkdaşlıqların müsbət nəticələr verdiyini bildirib.

O, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iştirakçısı kimi bütün növ yüklərin daşınması və tranziti üçün müasir infrastruktura malik olduğunu, rəqabətin getdiyi Çinlə ticarət sahəsində Azərbaycanın da bu marşrutlarda iştirakının böyük üstünlüklər və imkanlar aça biləcəyini vurğulayıb.

Back To Top