Naxçıvanın biznes və investisiya imkanları Qarsda tanıdılıb

Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan Regional İqtisadi Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatası və KOBİA-nın təşkilatçılığı ilə baş tutan forumda əsas məqsəd Naxçıvanın biznes və investisiya imkanlarının tanıdılması və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirdə KOBİA sədri Orxan Məmmədov, Qars valisi Ziya Polat, Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan, KOSGEB sədr müavini Selim Serkan Ercan və digər rəsmi şəxslər çıxış edərək regional iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Forum çərçivəsində Vüqar Abbasov və nümayəndə heyəti Qarsda bir sıra müəssisələrə səfər edib, Türkiyəli iş adamları ilə ikitərəfli görüşlər keçiriblər. KOBİA nümayəndələri isə Qarsın rəhbər şəxsləri ilə görüşərək sərhədyanı ticarət və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.