skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasında Macarıstan səfiri Tamaş Torma ilə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında Macarıstan Səfiri Tamaş Torma Ilə Görüş Keçirilib

İyulun 31-də Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma və səfirliyin ticarət məsələləri üzrə müşavirləri ilə görüş baş tutub. Görüş zamanı tərəflər Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Konfederasiya prezidenti Məmməd Musayev ASK-nın fəaliyyəti və əsas istiqamətləri, Azərbaycanın əlverişli coğrafi mövqeyi, logistika və iqtisadi imkanları barədə ətraflı məlumat verib. O, Macarıstana son səfər çərçivəsində həyata keçirilən görüşlərin və əməkdaşlıqların davamı olaraq bu görüşün əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, 16 iyun tarixində Türk Ticarət və Sənaye Palataları Birliyinin Budapeştdə keçirilən iclasında Macarıstan Palatasının tam hüquqlu üzv qismində qəbul edilməsini region üçün mühüm hadisə kimi dəyərləndirib.

Cənab səfir Tamaş Torma iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərin mövcud olduğunu vurğulayaraq, bu ilin may ayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunub. O, enerji, su idarəetməsi, kənd təsərrüfatı, tibb və əczaçılıq sahələrində mövcud əməkdaşlıq imkanlarını diqqətə çatdırıb və Macarıstanın Azərbaycan iqtisadiyyatında üçüncü ən böyük Avropa investoru olduğunu qeyd edib.

Səfir həmçinin Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə ASK arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib. O, qarşıdakı aylarda Budapeştdə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə komissiya iclası və biznes forumlar, Bakıda təşkil olunacaq biznes görüşləri və beynəlxalq sərgilər, o cümlədən “Bakı Su Həftəsi” kimi tədbirlərdə qarşılıqlı iştirakla bağlı təşəbbüslərini diqqətə çatdırıb. Görüş zamanı, həmçinin, Macarıstan səfirliyinin müxtəlif sahələrdə təşkil edəcəyi tədbirlərin davam etdiriləcəyi və xüsusilə süni intellekt sahəsində birgə fəaliyyətlərə dair gələcək planlar müzakirə olunub.

ASK prezidenti Məmməd Musayev, Konfederasiyanın qarşıdan gələn bütün tədbirlərdə aktiv iştirak etməyə və hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verməyə daim hazır olduğunu vurğulayıb.

Back To Top