Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri ilə görüş keçirilib

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev arasında görüş keçirilib.
M.Musayev, Konfederasiyanın fəaliyyət istiqamətləri, həmçinin bu il Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik etməsi, bu dövrdə görülən işlərlə bağlı geniş məlumat verib.
Səfir iki ölkə arasında ticarət dövriyyəsinin mövcud imkanları əks etdirmədiyini, Azərbaycandan Səudiyyə Ərəbistanı Krallığına daha çox çeşiddə, o cümlədən meyvə-tərəvəz, quru meyvə, çərəz və s. məhsulların ixrac potensialının yüksək olduğunu, real layihələr üzərində Səfirliyin Konfederasiya və Səudiyyə Ərəbistanı Krallığının ticarət palataları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, həmçinin 2025-ci ilin sonunadək Səfirliyin təşkilatçılğı ilə biznes nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını qeyd edib.
Ş.Abdullayev Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya, Azərbaycan və Səudiyyə Ərəbistanı Birgə Fondunun fəaliyyət göstərdiyini vurğulayıb.
Məmməd Musayev Konfederasiyanın qeyd edilən təşəbbüslərdə iştirak etməyə və hər iki ölkənin iqtisadiyyatlarına töhfə verməyə hazır olduğunu bildirib.