Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub

Sentyabrın 4-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Mingəçevir Dövlət Universiteti arasında görüş olub. Görüşdə iqtisadiyyat yönümlü ixtisaslar üzrə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Konfederasiya rəhbəri ali təhsil müəssisələri ilə sahibkarlıq subyektləri arasında əməkdaşlığının genişləndirilməsi, tələbələrin nəzəri biliklərinin praktiki bilik və bacarıqlarla möhkəmləndirilməsi üçün görülən işlərə toxunub. ASK-ın prezidenti Məmməd Musayev ölkənin sosial-iqtisadi inkişafında universitet–sənaye əməkdaşlığının mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu təşəbbüslərin iqtisadiyyatyönümlü ixtisaslar üzrə kadr potensialının daha da güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb. Bildirib ki, ASK bununla bağlı ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, UNEC ilə əlaqələrini daim yüksək qiymətləndirir.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitetin təhsil proqramlarının daim təkmilləşdirildiyini, əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və sənaye tərəfdaşlıqlarının bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Universitet olaraq qarşıya qoyulmuş əsas hədəflərdən birinin məzunların yalnız nəzəri biliklərə yiyələnməsi ilə kifayətlənməyib, həm də praktiki bacarıqlarla formalaşmış şəkildə əmək bazarına çıxışını təmin etmək olduğunu diqqətə çatdırıb.
Rektor A.Eminov, həmçinin ASK-ın oktyabrın 24-də Mingəçevir şəhərində MDU, Azərbaycan–Türkiyə İş Adamları Birliyi və “HBN Group”un birgə təşkilatçılığı ilə keçiriləcək Regional Universitet–Sənaye Birliyi Sammitinin tərəfdaşlarından biri olmağa dəvət edib. Bu təklif ASK prezidenti Məmməd Musayev tərəfindən məmnuniyyətlə qəbul edilib.
Qeyd edək ki, görüş çərçivəsində MDU və ASK arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tələbələrin istehsalat təcrübələrinin təşkili, tədris proqramları və sillabusların təkmilləşdirilməsi, birgə elmi-tədqiqat layihələri və insan kapitalının inkişafına dair təşəbbüslər də müzakirə olunub.