Sentyabrın 15-də Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib

Müşavirədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov, eləcə də digər dövlət nümayəndələri və yerli sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirə iştirakçılarının diqqətinə 2025-ci ilin yanvar–avqust ayları üzrə muxtar respublikada əldə olunan makroiqtisadi göstəriciləri çatdırıb. Sosial və iqtisadi sahələrin müxtəlif istiqamətlərində mühüm artımların olduğunu qeyd edən səlahiyyətli nümayəndə vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün əlverişli mühitin formalaşdığını, rəqabətədavamlı məhsul istehsalına və xidmətlərin keyfiyyətinin artırılmasına mühüm şərait yaratdığını təsdiq edir.
Müşavirədə iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək, tətbiq olunacaq gömrük və ticarət güzəştlərinin muxtar respublikada sahibkarlığın inkişafına mühüm dəstək olacağını bildirib.
Tədbirdə sahibkarların təklifləri dinlənilib, logistikanın subsidiyalaşdırılması, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə maliyyə institutlarının cəlb olunması, dövlət satınalmalarında yerli sahibkarlara dəstək göstərilməsi və mövcud problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə edilib.