skip to Main Content

Polşa-Azərbaycan Parlamentlərarası Əlaqələr Qrupu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib

Polşa-Azərbaycan Parlamentlərarası Əlaqələr Qrupu Ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında Görüş Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Polşa-Azərbaycan Parlamentlərarası Əlaqələr Qrupu ilə görüş baş tutub. Görüşdə Polşa-Azərbaycan Parlamentlərarası Qrupun sədri Pşemışlav Vitek, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski və nümayəndə heyəti iştirak edib.

Tədbiri açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Polşa-Azərbaycan münasibətlərinin tarixi ənənələrə söykəndiyini qeyd edərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün real imkanların mövcudluğunu vurğulayıb. O bildirib ki, Azərbaycan və Polşa iş adamları arasında əlaqələr mövcuddur və bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədəuyğundur.

Məmməd Musayev ölkəmizdə mövcud siyasi sabitliyin və Zəngəzur dəhlizi ilə bağlı həyata keçirilən strateji addımların iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.  “Prezident İlham Əliyevin iqtisadi diplomatiya sahəsində uğurlu siyasəti beynəlxalq əməkdaşlıqlar üçün geniş fürsətlər yaradır”, – deyə Konfederasiya rəhbəri qeyd edib.

Polşa-Azərbaycan Parlamentlərarası Qrupun sədri Pşemışlav Vitek çıxışında bildirib ki, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün real nəticələrə əsaslanan praktiki addımlar vacibdir. O, hazırkı ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını qeyd edərək əlavə edib: “Polşa öz regionunda, Azərbaycan isə Qafqazda lider ölkədir və bu üstünlüklər iqtisadi tərəfdaşlıq üçün əsas platforma yaradır”.

Görüş çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri və bir neçə sahə üzrə konkret təkliflər müzakirə olunub. Tərəflər iqtisadi diplomatiya, biznes əlaqələrinin möhkəmləndirilməsi və investisiya imkanlarının dəyərləndirilməsi istiqamətlərində birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Back To Top