TADİV nümayəndə heyəti ASK-da görüş keçirib

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) rəhbərlik etdiyi Türkiyənin tanınmış iş adamlarının ölkəmizə səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) görüş keçirib.
Görüşdə Vəqfin İdarə Heyətinin sədri Aygün Attar, İdarə Heyətinin üzvü Selçuk Akat və digər iş adamları iştirak ediblər. Qonaqlara Azərbaycanda mövcud investisiya imkanları, xüsusi iqtisadi zonalar və biznes mühiti barədə ətraflı məlumat verilib.
Aygün Attar çıxışında bildirib ki, Azərbaycan işgüzar mühitin inkişafı üçün böyük potensiala malikdir və bu səfər həm Türk, həm Azərbaycan iş adamları üçün yeni əməkdaşlıq imkanları açacaq. Xüsusilə işğaldan azad olunmuş bölgələrə qoyulacaq investisiya Qarabağın iqtisadi canlanmasına, həm də qardaş ölkələrimizin əməkdaşlığının dərinləşməsinə töhfə verəcək.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov çıxışında ölkədə sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait, dövlətin vergi və gömrük güzəştləri, müasir infrastruktur layihələri və Qarabağda aparılan bərpa-quruculuq işləri barədə geniş məlumat təqdim edib.
O, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaradılan yeni iqtisadi imkanların yerli və xarici sərmayədarlar üçün cəlbedici olduğunu vurğulayıb. Türkiyəli iş adamları bölgədəki biznes perspektivlərini yüksək qiymətləndirərək, müxtəlif sahələrdə əməkdaşlığa maraq göstəriblər.
Görüş qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, ortaq layihələrin reallaşdırılması və iki qardaş ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərlə yadda qalıb.