Mingəçevir regionun ən böyük Universitet–Sənaye Birliyi Sammitinə ev sahibliyi edib
Mingəçevirdə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib. Tədbir “Regiondan Qlobala” konsepti əsasında reallaşaraq, Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir. Sammitin məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir.
MDU-nun rektoru Anar Eminov “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”in ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addım olaraq dəyərləndirib. Vurğulanıb ki, tədbir Bidirilib ki, bu ilki sammit çərçivəsində 110-dan çox dövlət və özəl müəssisə, 87 startap layihəsi, universitet və innovasiya mərkəzi, Mingəçevir və ətraf regionlardan olan tələbə, magist, məzun və işaxtaran gənclər iştirak edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da çıxış edərək tədbirin regionun iqtisadi və sosial inkişafına, eləcə də gənclərin gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı bildirib ki, təhsil və sənaye arasında əməkdaşlıq artıq seçim deyil, müasir iqtisadiyyatın vacib zərurətidir. Dünyanın aparıcı ölkələrinə baxsaq, görürük ki, bu model iqtisadi dayanıqlığın əsas dayağına çevrilib. Belə ki, Almaniyada “Dual təhsil sistemi” ilə tələbə eyni vaxtda universitetdə oxuyur, sənayedə işləyir və təcrübə qazanır. Cənubi Koreyada universitetlərin 40%-i sənaye ilə birgə tədqiqat mərkəzlərinə çevrilib. Finlandiyada isə universitet–biznes əməkdaşlığı nəticəsində startap ekosistemi dövlət büdcəsinə illik yüz milyonlarla avro gəlir gətirir.
Baş katib bu təcrübələr əsasında real iqtisadi inkişafın təhsildən başladığını, lakin sənaye ilə birləşəndə gücə çevrildiyini qeyd edib. Azərbaycanda da bu istiqamətdə ciddi potensialın olduğunu söyləyən Z.Hacılı bildirib:
“ASK olaraq biz inanırıq ki, universitetlər elmi bilik mərkəzləri olmaqla yanaşı, praktik bacarıq laboratoriyalarına çevrilməlidir. Biz sahibkarlarla birlikdə bu laboratoriyaların formalaşmasında, tələbələrin istehsalat təcrübələrinə yönləndirilməsində və universitetlərin elmi potensialının biznesə ötürülməsində mühüm rol oynamağa hazırıq”, – deyib.
Sonra Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, məqsəd elm ilə əməyin birliyi, elm ilə iqtisadiyyatın ortaq gələcəyinə töhfə verməkdir.

