Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30-cu ildönümü Naxçıvan şəhərində qeyd edilib.
Bu münasibətlə şirkətin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov, şirkət rəhbərləri və xaricdən gələn qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Sonra Zəfər Abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Yubiley tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra ölkə və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri açan Vüqar Abbasov rəhbərlik etdiyi qurumun ötən 30 ildə keçdiyi şərəfli yol, inkişafı, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətləri haqqında məlumat verib. Bildirib ki, “Cahan Şirkətlər Qrupu” fəaliyyətini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun şəkildə davam etdirir. Məqsəd çoxsaylı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirərək milli iqtisadiyyatımıza daha çox investisiyaların cəlb edilməsidir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ötən 30 ili iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir şirkət üçün olduqca uğurlu və təntənəli keçmiş kimi dəyərləndirib. Qeyd edib ki, son bir neçə ildir Naxçıvanda iqtisadiyyat və sahibkarlıq mühiti yeni tələblər, tam şəffaflıq üzərinə qurulub. Optimallaşdırma və eyni zamanda ixracyönümlü, rəqabətədavamlı bazara hazırlaşmaq ən mühüm tələblərdəndir. Sevindirici haldır ki, “Cahan Şirkətlər Qrupu”nun həm rəhbərliyi, həm də bütün əməkdaşları bu sınaqdan uğurla çıxa bildilər, Naxçıvan Muxtar Respublikasının iqtisadi göstəricilərinin inkişaf etməsində və yaxşılaşmasında fəal rol oynadılar. Səlahiyyətli nümayəndə “Cahan Şirkətlər Qrupu”nun çoxsaylı kollektivinə uğurların davamını, yeni çağırışlarda birgə addımlamağı arzulayıb, yubiley münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda özəl sektorun payı 80 faizi ötüb. Bu da onu göstərir ki, ölkəmizdə əlverişli və şəffaf biznes mühiti formalaşıb. Azərbaycan sürətlə inkişaf edir və burada sahibkarların böyük rolu var. “Cahan Şirkətlər Qrupu” bu göstəricidə böyük pay sahibidir. Çünki “Cahan” Naxçıvandan dünya bazarlarına çıxan ölkənin aparıcı holdinqlərdən biridir. Bu, Azərbaycanın daha bir fəxri və uğurudur.
Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının “Cahan Şirkətlər Qrupu”na ünvanladığı təbriknaməni holdinqin təsisçisi Vüqar Abbasova təqdim edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov tədbirklərini çatdıraraq bildirib ki, “Cahan Şirkətlər Qrupu” nəinki Naxçıvan, bütövlükdə Azərbaycanda sahibkarlıq ekosistemində mühüm yeri olan, bir çox sosial layihələrdə təmsil olunan şirkətdir. KOBİA bundan sonra da holdinqin fəaliyyətinə dəstəyini əsirgəməyəcək.
Sonra “Cahan Şirkətlər Qrupu”nun 30 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula, İtaliyanın “İMA” şirkətinin satış meneceri Matteo Biançini, Çin Xalq Respublikasının “Lifan Auto” şirkətinin biznesin inkişafı üzrə meneceri Çan Kai çıxış edərək təbriklərini çatdırıblar.
Şirkətin fəaliyyətində və inkişafında fərqlənən əməkdaşlar müxtəlif nominasiyalar üzrə təltif edilibər.
Tədbir bədii hissə ilə davam edib.

