ASK-nın təşkilatçılığı ilə ilin ən böyük biznes görüşü keçirildi
 
			
		
		
	Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin ən nüfuzlu iş adamlarını əhatə edən İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvlərinin Bakıya rəsmi səfəri çərçivəsində genişmiqyaslı biznes görüşləri keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və ASK Biznes Konsaltinqin təşkilatçılığı ilə keçirilən bu tədbir Azərbaycanda ilin ən böyük B2B görüşüdür.
Tədbir çərçivəsində Türkiyənin 100-dək aparıcı şirkətinin rəhbərləri Azərbaycan sahibkarları ilə birbaşa görüşlər keçirərək birgə əməkdaşlıq və investisiya imkanlarını müzakirə ediblər.
İstanbul Sənaye Palatasının rəhbəri Erdal Bahçıvan bildirib ki, Azərbaycan Qafqazda parlayan bir ulduza çevrilib və qardaşlığımızı ortaq biznes əməkdaşlığına daşımaqla hər iki ölkənin iqtisadi əlaqələrini daha da möhkəmləndirə bilərik. Zəngəzur dəhlizinin işə başlaması ilə ticarət dövriyyəsinin daha da artacağını bildirən cənab Bahçıvan bu istiqamətdə hər iki ölkənin dövlət başçılarının əməyini xüsusi qeyd edib.
Azərbaycan Sahibkarlar Kofederasiyasının prezidenti Məmməd Musayev çıxışını Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirləri ilə başlayıb: “Türk Dövlətlər Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır!”
M.Musayevin sözlərinə görə, dövlətlərimiz arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 4 milyard dolları ötüb. Bunun 2 milyard 578 milyon dolları Azərbaycandan Türkiyəyə ixracın, 1 milyard 756 milyon dolları isə Türkiyədən Azərbaycana idxalın payına düşüb. Ümumilikdə ölkəmizə idxalda Türkiyənin payı 10.47 faizdir. Konfederasiya prezidenti bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni imkanlar açdığını vurğulayıb.
Sonra B2B görüşlər keçirilib və iş adamları bu tədbirin effektivliyini yüksək qiymətləndiriblər.
 
  
  

