skip to Main Content

Dövlət Vergi Xidmətində avtomobil dilerləri ilə görüş keçirilib

Dövlət Vergi Xidmətində Avtomobil Dilerləri Ilə Görüş Keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvlərinin 5 noyabr görüşündən sonra ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların təkliflərinin dinlənilməsi məqsədilə aparılan birgə müzakirələr davam edir. Növbəti belə görüş avtomobil dilerlərinin nümayəndələri ilə keçirilib.

Görüşdə DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Ziya Hacılı və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Nicat İmanov 2026-cı ildə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı ƏDV-dən azadolmanın ləğvi, həmçinin həmin avtomobillərin yerli istehsalının ƏDV-dən azad edilməsi barədə yenilikləri görüş iştirakçılarının diqqətinə çatdırıb. İclas zamanı işlənmiş avtomobillərin dilerlər tərəfindən satışının ƏDV-yə cəlb olunması mexanizmi müzakirə edilib. Bu cür əməliyyatların aparılması ilə bağlı vergi öhdəlikləri, yarana biləcək çətinliklərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

DVX əməkdaşları tərəfindən vergi qanunvericiliyinin bəzi aspektəri izah olunub, sahibkarlarla dialoqun davamlı şəkildə aparılacağı və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndiriləcəyi bildirilib.

Back To Top