skip to Main Content

Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb

Azərbaycanla BƏT Arasında “2025-2029-cu Illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” Imzalanıb

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması tədbiri olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev və b. iştirak ediblər.

Anar Əliyev yeni Ölkə Proqramının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məqsədlərindən, habelə BƏT-in layiqli əməyin təşviqi konsepsiyasından irəli gəldiyini bildirib. O, layiqli əmək konsepsiyasının işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi komponentlərə əsaslandığını qeyd edib.

Ölkə vətəndaşlarının bu prinsiplərə tam cavab verən hüquqlarının Azərbaycan Republikası  Konstitusiyasının müddəalarında, habelə ölkəmiz tərəfindən BƏT-in ratifikasiya edilmiş 59 konvensiyası və 1 protokolunda, milli əmək və sosial müdafiə sahəsində qanunvericilikdə dolğun şəkildə təsbit olunduğu bildirilib.

Ötən dövrdə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra olunduğu, ölkəmizdə Təşkilatın layiqli əməyin təminatına dair prinsiplərinə uyğun məqsədyönlü işlərin aparıldığı vurğulanıb.

Sahib Məmmədov və Məmməd Musayev çıxış edərək, Azərbaycanda layiqli əməyin təmin edilməsi məqsədilə sosial tərəfdaşlar arasında həyata keçirilən birgə və səmərəli fəaliyyəti qeyd ediblər. Onlar BƏT və Azərbaycanda üçtərəflilik prinsipi əsasında fəaliyyət göstərən sosial tərəfdaşlar tərəfindən hazırlanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətini vurğulayıblar.

Mixail Puşkin yeni Ölkə Proqramının ölkəmizin BƏT-lə səmərəli əməkdaşlığının uğurlu davamı olduğunu bildirib.

Daha sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin tərəfindən Ölkə Proqramı imzalanıb. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın uğurlu davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artıracaq.

Tədbirdən sonra Anar Əliyev və Mixail Puşkin arasında keçirilən görüşdə Azərbaycanla BƏT arasında fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmiz tərəfindən hazırda  Təşkilatın “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivəsi haqqında” Konvensiyasının da ratifikasiya prosesinin  yekunlaşmaqda olduğu qeyd edilib.

Yeni imzalanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” üzrə  görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

Back To Top