Naxçıvan Sahibkarlar Konfederasiyasının ilin yekunlarına həsr olunmuş dialoq-görüşü keçirilib
Dekabrın 25-də Naxçıvan Palace-da Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə ilin yekunlarına həsr olunmuş dialoq-görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Görüşü açan Konfederasiyanın İdarə Heyətinin sədri Vüqar Abbasov cari ildə görülən işlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər barədə məlumat verib. Tədbir çərçivəsində Konfederasiyanın rayonlar üzrə yeni təyin olunmuş nümayəndələri iştirakçılara təqdim edilib, həmçinin 3 yeni sahibkar könüllü müraciət əsasında Konfederasiyaya üzv qəbul edilib. Bu proses çərçivəsində nümayəndələrin icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığının əhəmiyyəti və dövlət–sahibkar münasibətlərinin daha operativ qurulmasının vacibliyi vurğulanıb.
Görüşün davamında sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, fəaliyyət zamanı qarşıya çıxan çətinliklərlə bağlı dövlət nümayəndələri ilə sual-cavab formatında fikir mübadiləsi aparılıb. Tədbir qarşılıqlı dialoqun gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından faydalı qiymətləndirilib.

