Azərbaycan–Yunanıstan iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Yanvarın 15-də Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu və səfirliyin İqtisadi və ticarət məsələləri üzrə müşaviri Dimitrios Maos Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Konfederasiyanın icra aparatı ilə görüşüblər.
Görüş zamanı Azərbaycan ilə Yunanıstan arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ASK prezidenti Məmməd Musayev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi hələlik yüksək səviyyədə deyil və Azərbaycanın Yunanıstana ixracında əsas payı neft-qaz məhsulları təşkil edir. O, ticarət dövriyyəsində mal və məhsul çeşidlərinin artırılması üçün mövcud potensialdan istifadə edilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlar və təşviq mexanizmləri haqqında məlumat verib.
Yunanıstanın Azərbaycandakı səfiri xanım Mariya Papakonstantinu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə birbaşa hava reyslərinin sayının artırılması ilə bağlı danışıqların aparıldığını diqqətə çatdırıb. O, həmçinin biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayaraq B2B formatlı görüşlərin təşkilini təklif edib. Səfir Yunanıstan şirkətlərinin Azərbaycan üzərindən yükdaşımalara maraq göstərdiklərini və bu istiqamətdə müvafiq görüşlərin keçirildiyini də qeyd edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş və səmərəli müzakirələrlə davam etdirilib.

