skip to Main Content

Naxçıvanda vergi, gömrük və sosial sığorta güzəştləri mövzusunda sahibkarlarla görüş keçirilib

Naxçıvanda Vergi, Gömrük Və Sosial Sığorta Güzəştləri Mövzusunda Sahibkarlarla Görüş Keçirilib

16 yanvar 2026-cı il tarixində Naxçıvan Sarayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvanda vergi, gömrük və sosial sığorta güzəştləri – biznes üçün yeni imkanlar” mövzusunda görüş keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə dövlət qurumlarının nümayəndələri, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar və biznes subyektlərinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açılış sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev açaraq bu cür görüşlərin özəl sektorun gücləndirilməsində, dövlət–sahibkar əməkdaşlığının inkişafında mühüm rol oynadığını bildirib. Nazir 2024 və 2025-ci illərin müqayisəli təhlilini təqdim edərək ixrac potensialının artmasını, mənşə sertifikatlarının verilməsində müşahidə olunan yüksəlişi və muxtar respublika şirkətlərinin beynəlxalq tədbirlərdə fəal iştirakının həmin şirkətlərin beynəlxalq bazarlarda tanınmasına mühüm töhfə verdiyini vurğulayıb. Bildirib ki, əsas məqsəd muxtar respublikada dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Görüşün əsas məqsədinin qüvvəyə minmiş vergi güzəştlərinin ictimaiyyətə və sahibkarlara aydın şəkildə çatdırılması, eləcə də sualların cavablandırılması olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov qeyd edib ki, bu cür görüşlər ölkənin iqtisadi həyatında, xüsusilə sahibkarlığın inkişafında baş verən mühüm proseslərin bariz nümunəsidir. Sədr dövlətin təqdim etdiyi dəstək mexanizmləri yeni investisiyaların cəlb olunmasına, istehsal sahələrinin genişlənməsinə və minlərlə yeni iş yerinin açılmasına etibarlı zəmin yaradır. Vüqar Abbasov bu addımların yalnız bugünkü nailiyyətlər üçün deyil, eyni zamanda gələcək nəsillərin rifahı naminə atılmış strateji əhəmiyyətli qərarlar olduğunu bildirib və sahibkarlığın inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinə görə minnətdarlığını ifadə edib.

Daha sonra Vergi Xidmətinin əməkdaşı tərəfindən Vergi Məcəlləsinə və Sosial Sığorta haqqında Azərbaycan Respublikasının qanununa edilmiş dəyişikliklər barədə iştirakçılara geniş təqdimat olunub.

Görüş qarşılıqlı müzakirələr şəklində davam etdirilib, dəyişikliklərlə bağlı sahibkarları maraqlandıran suallar dövlət orqanlarının müvafiq nümayəndələri tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Back To Top