Aqrar sektorun inkişafı üzrə dövlət-özəl əməkdaşlığı müzakirə edilib
Yanvarın 16-da dövlət–özəl əməkdaşlığı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında əməkdaşlıq görüşü keçirilib. Görüşdə aqrar sektorun inkişafı, sahibkarların maliyyə imkanlarının genişləndirilməsi və birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycanda məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində sığorta xidmətlərinin, maliyyə əlçatanlığının və yeni maliyyə alətlərinin formalaşdırılmasına ciddi ehtiyac qalmaqdadır.
Konfederasiya rəhbəri aqrar sahənin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin bankların ümumi kredit portfelində cəmi 1,8 faiz paya malik olduğunu vurğulayaraq, kreditləşmədə girov tələblərinin hələ də əsas çətinliklərdən biri olduğunu qeyd edib. Alternativ maliyyə mexanizmləri kimi Kredit İttifaqlarının inkişaf etdirilməsini təklif edən M.Musayev, bu istiqamətdə institusional dəstəyin vacibliyini diqqətə çatdırıb.
Məmməd Musayev həmçinin bildirib ki, Aqrar Biznes Festivallarının keçirilməsində tərəfdaş qismində iştirak edən ASK bundan sonra da region nümayəndəliklərinin aktivliyini artırmaqla daha çox sahibkarın öz məhsullarını tanıtması və bazara çıxış imkanlarının genişləndirilməsi üçün fəaliyyətini davam etdirəcək.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 2025-ci ildə bölgələrdə keçirilmiş Aqrar Biznes Festivalları, o cümlədən məhsul festivalları, kredit yarmarkası və toxum sərgi-satış yarmarkaları barədə ətraflı məlumat verib. O, aqrar sahənin kreditləşməsində bu festivalların rolunu yüksək qiymətləndirərək, tədbirlər çərçivəsində qeydə alınan yüksək satış göstəricilərinin fəaliyyətin davam etdirilməsi üçün mühüm stimul yaratdığını bildirib. A.Cəfərov qeyd edib ki, festivallar çərçivəsində bölgələrdə təşkil olunan “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirələri rayon sahibkarları tərəfindən böyük maraqla qarşılanır.
Əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayan Anar Cəfərov cari il üçün nəzərdə tutulan fəaliyyət planları barədə də görüş iştirakçılarını məlumatlandırıb.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam etdirilib.

