Çili səfiri Azərbaycan Sahibkarlar Konfederasiyasında olub
Çili Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Juan Salazar Alvarez Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Konfederasiyanın İcra aparatı ilə görüş keçirib.
Görüş zamanı Konfederasiya rəhbəri Azərbaycanın iqtisadi potensialı, xüsusilə investisiya imkanları, ölkənin regional və beynəlxalq logistik marşrutlar baxımından əlverişli coğrafi mövqeyi, eləcə də iki ölkə arasında əməkdaşlıq perspektivləri barədə öz fikirlərini bildirib.
Səfir Juan Salazar Alvarez Çilinin Qoşulmama Hərəkatının üzvü olduğunu vurğulayaraq, Azərbaycanla Çili arasında iqtisadi əlaqələrin genişləndirilməsinin əməkdaşlıqda prioritet istiqamətlərdən biri olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında mövcud olan vergi güzəştləri və hüquqi mexanizmlər özəl sektorlar arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.
Görüşdə, həmçinin 2026-cı ilin sentyabr ayında Çili biznes nümayəndələrinin Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub. Bu səfər çərçivəsində ikitərəfli işgüzar görüşlərin və B2B formatlı tədbirlərin təşkili əməkdaşlığın praktiki müstəviyə keçməsi baxımından məqsədəuyğun hesab edilib.
Tərəflər gələcək dövrdə qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.

