Göyçayda fermerlər üçün “İqlim Dayanıqlığının İdarə Edilməsi” mövzusunda biznes oyunu formatında təlimlər keçirilir
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK Biznes Konsaltinq şirkətinin təşkilatçılığı ilə 4–5 fevral 2026-cı il tarixlərində Göyçay şəhərində fermerlər üçün “İqlim Dayanıqlığının İdarə Edilməsi” mövzusunda biznes oyunu formatında təlimlər keçirilir.
Təlimlərin əsas məqsədi fermerlərin iqlim dəyişikliyi şəraitində təsərrüfat fəaliyyətinə uyğunlaşma bacarıqlarını artırmaq, innovativ yanaşmaların tətbiqini təşviq etmək və iqlim risklərinin idarə olunması sahəsində praktiki biliklərin formalaşdırılmasıdır.
Biznes oyunu çərçivəsində iştirakçılara iqlim dəyişikliyinin kənd təsərrüfatına və kiçik bizneslərə təsiri, bu təsirlərdən irəli gələn risklər, eləcə də iqlimə uyğun alət və mexanizmlərin təsərrüfat fəaliyyətində tətbiqi ilə bağlı praktiki ssenarilər təqdim olunur. İnteraktiv format fermerlərə real vəziyyətlərə yaxın nümunələr əsasında qərarvermə bacarıqlarını inkişaf etdirməyə imkan yaradır.
Təlim zamanı vurğulanır ki, biznes oyununun məqsədi mövcud reallığı tam şəkildə modelləşdirmək deyil, fermerlər üçün mövcud fəaliyyət və inkişaf imkanlarını praktik nümunələr üzərindən nümayiş etdirməkdir.
ASK Biznes Konsaltinq tərəfindən həyata keçirilən bu cür təşəbbüslər regionlarda fəaliyyət göstərən fermerlərin dayanıqlılığının artırılmasına, iqlim dəyişikliyi çağırışlarına uyğunlaşmasına və biznes potensialının gücləndirilməsinə xidmət edir.

