Azərbaycan ilə Macarıstan arasında investisiya və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub
Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında investisiya və iqtisadi əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.
Məmməd Musayev ölkələrimiz arasında siyasi və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayaraq, bu əlaqələrin iqtisadi göstəricilərdə də daha aydın şəkildə əksini tapmasının vacibliyini qeyd edib. O, Macarıstan investisiyalarının Azərbaycanda həcminin nisbətən aşağı olduğunu diqqətə çatdıraraq, birgə müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya potensialı barədə ətraflı məlumat verib.
Səfir Tamiş Torma isə siyasi müstəvidə əldə edilən uğurların biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi ilə möhkəmləndirilməsinin vacibliyini bildirib. Qeyd olunub ki, Macarıstan artıq Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırıb, həmçinin farmakologiya sahəsində birgə müəssisə fəaliyyət göstərir.
Tərəflər kənd təsərrüfatı, informasiya texnologiyaları və logistika sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildiriblər. Səfir gələn həftə sənaye mühəndisliyi, insan resursları (HR) və İT sahələri üzrə şirkətlərlə görüşlərin planlaşdırıldığını qeyd edib.
Görüş zamanı Macarıstandan biznes nümayəndələrinin Azərbaycana səfərinin təşkili təklif olunub və qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.

