Azərbaycan Sahibkarlar Konfederasiyasında Polşa səfiri ilə görüş keçirilib

Avqustun 21-də Azərbaycan Sahibkarlar Konfederasiyasında Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski və Səfirliyin Siyasi və iqtisadi məsələlər üzrə katibi Artur Podlesny ilə görüş keçirilib.
Konfederasiya prezidenti Məmməd Musayev təşkilatın fəaliyyət istiqamətləri, Baş Kollektiv Saziş, dövlət strukturları ilə qurulan dövlət-özəl dialoqu haqqında geniş məlumat verib. O, ASK-nın cari ildə Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik etdiyini, QDİƏT Biznes Şurası, İslam Palatası kimi qurumlara üzv olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Polşa arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən M.Musayev ticarət dövriyyəsini artırmaq üçün imkanların olduğunu vurğulayıb.
Səfir Radomski iki ölkə arasında yüksək siyasi əlaqələrin mövcudluğunu, Azərbaycanın coğrafi mövqeyinin iki ölkə arasında ticarət imkanlarını artırdığını, Polşanın Qdansk Limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında tərəfdaşlıq qurulduğunu, Polşa şirkətlərinin Azərbaycanda, xüsusən işğaldan azad olunan ərazilərdə investisiya layihələrində iştirakla maraqlandığını bildirib. Səfir gələn ay Polşa şirkətlərinin Bakıya səfərinin planlaşdırıldığını qeyd edib.
Konfederasiya prezidenti iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsi üçün əməkdaşlığa hazır olduqlarını, ASK-nın Polşada nümayəndəsinin fəaliyyət göstərdiyini bildirib.