skip to Main Content

Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü keçirilib

Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin Görüşü Keçirilib

Sentyabrın 26-da Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü keçirilib. İclasda Azərbaycan Dövlət Neft Şirkətinin, hər iki ölkənin bir sıra dövlət qurumlarının və Azərbaycan Sahibkarlar Konfederasiyasının təmsilçiliyi ilə özəl sektorların nümayəndələri iştirak ediblər.

İclasda Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu, ölkələrimizin əlaqələrinin müxtəlif sahələrdə qarşılıqlı anlaşma və hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, Azərbaycan ilə Yaponiya arasında iqtisadi, sosial və humanitar sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrinin formalaşdığı diqqətə çatdırılıb.

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində ötən illər ərzində görülən işlər qeyd olunub. Yaponiyanın Azərbaycanın enerji sektorunda mühüm tərəfdaş və xarici investorlardan biri olduğu vurğulanıb.

Azərbaycanda xarici şirkətlərin uğurlu fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub. Ölkələrimizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, infrastruktur, rabitə və yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Tranzit ölkə kimi Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan rolu xüsusi vurğulanıb. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub arasında etibarlı tranzit körpü rolunu oynadığı bildirilib. Ölkəmizin Ələt Beynəlxalq Ticarət Limanı, müasir dəmir yolu xətləri, beynəlxalq hava limanları və yol infrastrukturu ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.

İclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrindən bəhs olunub. Zəngin təbii ehtiyatlara, yaşıl enerji potensialına, inkişaf etməkdə olan infrastruktura və biznes üçün cəlbedici dövlət güzəştlərinə malik olan azad olunmuş ərazilərin xarici sərmayədarlar üçün əlverişli perspektivlər vəd etdiyi vurğulanıb. Bu xüsusda, Yaponiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan geniş investisiya imkanlarını araşdırmağa dəvət olunublar.

Ölkələrimizin enerji sektorundakı əməkdaşlığı məmnunluqla qeyd olunub, ITOCHU və INPEX şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və Bakı–Tbilisi–Ceyhan layihələrində mühüm tərəfdaş kimi iştirakı qeyd edilib. Ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə məlumat verilib, enerji keçidi və dekarbonizasiya sahələrində Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb.

Ötən il Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29-a uğurla ev sahibliyi etdiyi bildirilib, Yaponiya nümayəndə heyətinin konfransın işinə dəstəyi yüksək dəyərləndirilib.

İclasda, həmçinin rəqəmsal texnologiyaların və innovativ həllərin iqtisadiyyata tətbiqi və inteqrasiyası üzrə Yaponiya şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Osakada keçiriləcək EXPO sərgisində Azərbaycanın milli pavilyon ilə təmsil olunmasının və bu kimi mədəni və iqtisadi mübadilələrin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

Back To Top