skip to Main Content

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Toplantısı Keçirilib

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır.
Tədbirdə Türk Ticarət və Sənaye Palatasının və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. M.Musayev bildirib ki, Türk Dövlətlər Təşkilatının çətiri altında bir neçə qurum fəaliyyət göstərir və bunlardan biri olan Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik 2025-ci ildən ölkəmizə keçib. Hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Türkmənistan da daxil olmaqla Birliyin altı daimi, Şimali Kipr Ticarət Palatası müşahidəçi olmaqla ümumilikdə səkkiz üzvü vardır.
2025-ci ilin ötən dövründə Türk Ticarət və Sənaye Palataları Birliyinin təşkilatçılığı ilə Azərbaycanda Türk İnvestisiya Fondu, onun fəaliyyəti və layihələri maliyyələşdirmə qaydalarına həsr olunan geniş Bakı Forumu keçirilib.
Eyni zamanda, Macarıstanda bütün türk dövlətlərinin iştirakı ilə faydalı biznes forum təşkil edilib və həmin tədbir çərçivəsində Macarıstan Ticarət və Sənaye Palatasının daimi üzvlüklə bağlı müraciətinə baxılaraq, qəbul edilib. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətində yaddaqalan biznes-forum baş tutub, türk dövlətlərinin iş adamları birgə biznes qurmaq, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr üçün yeni imkanları müzakirə ediblər.

Back To Top