skip to Main Content

Latviya, Estoniya və Finlandiya şirkətləri ilə Bakıda B2B görüş keçirilib

Latviya, Estoniya Və Finlandiya şirkətləri Ilə Bakıda B2B Görüş Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası və nəzdində fəaliyyət göstərən “ASK Consulting” şirkətinin təşkilatçılığı ilə Baltik ölkələrinin – Finlandiya, Latviya və Estoniyanın aparıcı şirkətləri ilə Azərbaycan şirkətləri arasında B2B görüşlər keçirilib. Görüş “LEF Network Azerbaijan” layihəsinin 6-cı ticarət missiyası çərçivəsində baş tutub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Ziya Hacılı bildirib ki, Azərbaycan, Estoniya, Latviya və Finlandiyanın işgüzar dairələri uzunmüddətli və institusional əməkdaşlığı nəzərdə tutan praktiki yol xəritəsi imzalayıblar. Bugünkü tədbir ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsində yeni mərhələnin başlanğıcıdır.
“Baltik və Şimal ölkələri innovativ iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal həlləri ilə tanınır. Azərbaycan isə Cənubi Qafqazın iqtisadi mərkəzidir – energetika, nəqliyyat, logistika və müasir kənd təsərrüfatı sahələrində liderdir, əməkdaşlıq üçün yeni imkanlar təklif edir”, – o qeyd edib.

Baş katibin sözlərinə görə, “yaşıl enerji” və bərpa olunan texnologiyalar, təcrübə və bilik mübadiləsi, rəqəmsal iqtisadiyyatın və innovativ ekosistemlərin, o cümlədən startapların inkişafı kimi istiqamətlərdə əməkdaşlıq üçün real potensial mövcuddur. Azərbaycanın artıq mühüm uğurlar əldə etdiyi kənd təsərrüfatı və qida sənayesi də bu baxımdan perspektivlidir.

“Biz sahibkarların bir-birini tanıdığı və etibar etdiyi bir mühit yaradırıq, çünki iqtisadi diplomatiyanın ən səmərəli forması “biznesdən biznesə” qarşılıqlı fəaliyyətidir”, – deyə Z.Hacılı vurğulayıb.
Sonra tədbirdə Latviya Ticarət Palatasanın Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siceva açılış nitqi ilə çıxış edib. O, daha əvvəl keçirilən uğurlu biznes səfərləri haqqında məlumat verərək bugünkü görüşün də hər iki tərəf üçün səmərəli olacağı söyləyib. Şirkətlər arasında rahat dialoq üçün yaradılan şəraitə görə ASK-ya təşəkkürünü bildirib.

Finlandiya Satakunta Tətbiqi Elmlər Universitetinin Tədqiqat rəhbəri Mikko Lehtonen Azərbaycanda biznes səfərdə olmaqdan məmnunluq duyduğunu, biznes səfərlərin davamlı təşkil olunacağını qeyd edib.

Təqdimatlardan sonra iş adamları arasında B2B görüşlər uğurla davam edib.

Back To Top