ASK prezidenti Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında çıxış edib
Noyabrın 13-də Daşkənddə Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclası keçirilib.
Tədbirin əsas məqsədi region ölkələri arasında ticarət, investisiya və sənaye əməkdaşlığı sahələrində praktik əməkdaşlığı gücləndirmək, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması və kooperativ sənaye sahələrinin inkişafı üçün birgə təşəbbüsləri təşviq etmək olub.
İclasda Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Nəzər Ağaxanov, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Qırğızıstanın Özbəkistandakı səfiri Duyşonkul Çotonov iştirak ediblər.
Görüşü açan Laziz Kudratov iclasın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü ərəfəsində keçirildiyini və regional iqtisadi əməkdaşlığın yeni səviyyəsinə doğru mühüm addım olduğunu vurğulayıb. O əlavə edib: “Ölkələrimiz güclü iqtisadi potensiala, təxminən 90 milyon əhaliyə, Şərqlə Qərb arasında strateji mövqeyə, inkişaf etmiş nəqliyyat şəbəkəsinə və zəngin resurs bazasına malikdir. Son illərdə Mərkəzi Asiya ölkələri və Azərbaycanın ümumi ÜDM həcmi 2,5 dəfədən çox artaraq təxminən 600 milyard dollara çatıb”.
Görüşdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq tarixi, mədəni və iqtisadi köklərə malikdir. Bu birliyi daha güclü etmək üçün sahibkarların və biznes liderlərinin fəal iştirakı həlledici rol oynayır.
İclasın yekununa dair iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, yeni investisiya vasitələrinin yaradılması və Mərkəzi Asiya brendinin beynəlxalq səviyyədə təşviqi ilə bağlı əsas razılaşmaları ehtiva edən birgə Kommünike imzalanıb.

