Konfederasiyanın xanım üzvləri “Təşəbbüskar Qadınlar Gücü Yarışması” mükafatına layiq görüldülər
Noyabrın 19-da Türkiyədə keçirilən Təşəbbüskar Qadınlar Gücü Yarışması mükafatını alanlar sırasında Azərbaycan Sahibkarlar Konfederasiyasının xanım üzvləri də olub.
Türkiyə Odalar və Birjalar Birliyi (TOBB), TOBB Qadın Sahibkarlar Şurası (KGK) və Türkiyə İqtisadi Siyasəti Araşdırma Vəqfi (TEPAV) ilə birgə təşkil edilən tədbirdə Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, TOBB prezidenti Rıfat Hisarcıklıoğlu, Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev, TOBB Qadın Sahibkarlar Şurasının rəhbəri Nurten Öztürk, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və digərləri iştirak ediblər.
TOBB prezidenti Hisarcıklıoğlu çıxışında TOBB Qadın Sahibkarlar Şurasının 29 oktyabr 2007-ci ildə Cümhuriyyətin 84-cü ildönümündə yaradıldığını bildirib. Hisarcıklıoğlu, idarə heyətinin qadınlar arasında sahibkarlıq mədəniyyətinin inkişafına öncülük təşkil etdiyini vurğulayıb. O, qadınlar və gənc qızlar arasında sahibkarlığı təşviq etmək və inkişaf etdirmək üçün görülən işlərdən, yaşıl transformasiyadan e-ticarətə, süni intellektdən ixracata qədər bir çox sahədə təlim və mentorluq dəstəyindən danışıb.
Hisarcıklıoğlu builki mükafatlandırma mərasimdə Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan qadın sahibkarların da iştirak etdiyini və bu beynəlxalq toplantıların mədəni və iqtisadi əlaqələri dərinləşdirdiyini açıqlayıb.
Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev çıxışında Türk dövlətlərinin iqtisadi əməkdaşlıqda yeni bir dövrə qədəm qoyduğunu və Asiyadan Avropayadək böyük bir ərazini əhatə edən böyük bir şəbəkələşmə, iqtisadi işbirliyi imkanlarına malik olduğunu qeyd edib.
“Bu inkişafın mərkəzində çiyin-çiyinə Türk qadınlarının dayanması, bizim üçün həm strateji, həm də mənəvi zərurətdir” – deyə M.Musayev bildirib.
Beləliklə, təşəbbüskar Qadınlar Gücü Yarışmasında “Qadın məşğulluğunu ən çox artıran şirkət” nominasiyasında “Azərbaycan COCA-COLA şüşələri” şirkətinin rəhbəri Rəna Məmmədovaya, “Ən sürətlə böyüyən qadın sahibkarlıq şirkəti” nominasiyasında isə MƏLHƏM Beynəlxalq Xəstəxanasının rəhbəri Sevda Əlizadəyə mükafatlar təqdim edilib.
ASK olaraq, üzvlərimizi təbrik edir və fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik.

