skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Sumqayıt Dövlət Universiteti Arasında əməkdaşlığa Dair Anlaşma Memorandumu Imzalanıb

Dekabrın 24-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə işgüzar görüş keçirilib.

Görüşdə universitetin universitetin  rektoru v.i.e., professor Əminağa Sadıqov qonaqları salamlayaraq SDU-nun inkişaf strategiyası və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirib ki, Sumqayıt Dövlət Universitetinin əsas məqsədi müasir çağırışlara cavab verən, rəqabətqabiliyyətli kadrlar yetişdirən və elmi-tədqiqat fəaliyyəti ilə seçilən yeni nəsil ali təhsil müəssisəsinə çevrilməkdir.

Professor Əminağa Sadıqov bu hədəflərə nail olmaq üçün sənaye və biznes strukturları ilə sıx əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsi tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına, eləcə də birgə elmi-tədqiqat və innovasiya layihələrinin reallaşdırılmasına geniş imkanlar yaradır.

O, həmçinin son dövrlərdə universitetdə bu istiqamətdə atılan konkret addımları, imzalanan əməkdaşlıq sazişlərini, istehsalat təcrübələrinin təşkili, birgə layihələr və kadr hazırlığı sahəsində əldə olunan müsbət nəticələri diqqətə çatdırıb. Əminliklə ifadə edib ki, ASK ilə qurulacaq əməkdaşlıq universitetin sənaye ilə inteqrasiyasını daha da gücləndirəcək, ölkənin sosial-iqtisadi inkişafına töhfə verərək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

Universitet kollektivi ilə keçirilən görüşdən məmnunluğunu ifadə edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Ziya Hacılı rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər barədə məlumat verib. Qeyd edib ki, konfederasiya sahibkarlıq mühitinin inkişafı, işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi və gənc kadrların əmək bazarına hazırlanması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.

Ziya Hacılı xüsusilə regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin ölkənin biznes subyektləri ilə birbaşa ünsiyyət qurmasının, istehsalat müəssisələrində real praktik təcrübə keçməsinin və müxtəlif birgə layihələrdə fəal iştirak etməsinin ASK-nın əsas prioritetləri sırasında olduğunu vurğulayıb. O, belə təşəbbüslərin sahibkarlığın inkişafı, yeni ideyaların reallaşdırılması və insan kapitalının gücləndirilməsi baxımından geniş potensial imkanlara malik olduğu diqqətə çatdırıb.

Görüş çərçivəsində aparılan müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və mərhələli şəkildə inkişaf etdirilməsi məqsədilə qarşılıqlı razılıq əldə olunub.

Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Back To Top