Azərbaycan–Niderland iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub
Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianne De Jonq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.
ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan ilə Niderland arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir və mövcud potensial əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan verir. O, qarşılıqlı ticarətdə məhsul çeşidlərinin artırılmasının vacibliyini vurğulayaraq, Azərbaycanın şərabçılıq və nar məhsullarının Avropa bazarında tanındığını və rəqabətqabiliyyətli olduğunu qeyd edib.
Konfederasiya rəhbəri Azərbaycanın geniş logistika imkanlarına, əlverişli coğrafi mövqeyinə diqqət çəkərək ölkəmizin regionda mühüm tranzit və logistika mərkəzi kimi rolunu vurğulayıb. Eyni zamanda, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan yeni biznes mühiti, investorlar üçün tətbiq edilən güzəştlər və dövlət dəstək mexanizmləri barədə ətraflı məlumat verib.
Niderlandın ölkəmizdəki səfiri xanım Marianne De Jonq iki ölkə arasında əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi məqsədilə birgə biznes palatanın yaradılması təşəbbüsünü irəli sürüb. O, Azərbaycanın tranzit yüklərin daşınmasında artan cəlbediciliyini xüsusi qeyd edərək bu sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.
Görüş zamanı turizm sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər qarşılıqlı turist axınının artırılması və bu istiqamətdə biznes təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi ilə yekunlaşıb.

