skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasında Misirin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında Misirin Azərbaycandakı Səfiri Ilə Görüş Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüş keçirilib.

Görüşdə ASK-nın prezidenti Məmməd Musayev Konfederasiyanın fəaliyyəti, məqsəd və prioritetləri barədə ətraflı məlumat verib. O bildirib ki, 2025-ci ildə sülh sazişinin paraflanması Azərbaycanın əldə etdiyi mühüm siyasi uğurlardan biridir və bu proses ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar açır. Qeyd edilib ki, Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir və regionda mühüm iqtisadi-logistik mərkəzə çevrilmək potensialı yüksəkdir. Misirin isə İslam dünyasında güclü mövqeyə sahib olması iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyətli üstünlük yaradır.

M.Musayev ASK-nın 2026-cı ilin fevral ayında keçiriləcək Məkkə Halal Forumunda Azərbaycanı təmsil edəcəyini və tədbirdə böyük Azərbaycan stendinin fəaliyyət göstərəcəyini vurğulayıb. Bu platformanın Azərbaycan məhsullarının tanıdılması və yeni biznes əlaqələrinin qurulması baxımından önəmli olduğu diqqətə çatdırılıb.

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda çıxışında hər iki ölkənin iqtisadi potensialının yüksək olduğunu və bir sıra sahələr üzrə oxşar imkanlara malik olduqlarını bildirib. O, xüsusilə azad olunmuş ərazilərdə aparılan yenidənqurma və tikinti işlərində Misir şirkətlərinin iştirakı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Səfir vurğulayıb ki, biznes əlaqələrinin qurulması üçün sahibkarlar bir-birini yaxından tanımalı, qarşılıqlı fayda gətirən sahələr üzrə əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır.

Əczaçılıq, turizm və tikinti sektorlarının iki ölkə arasında əməkdaşlıq üçün daha perspektivli sahələr olduğu bildirilib. Həmçinin Bakı–Qahirə istiqamətində birbaşa uçuşların açılması üzərində işlərin davam etdiyi qeyd olunub. Səfir mədəni əlaqələrin genişlənməsinin iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi ilə davam edib.

Back To Top