İslam Ticarət və İnkişaf Palatasının Baş Assambleyasının 41-ci iclası keçirilib
Fevralın 16-da Məkkə şəhərində keçirilən 3-cü Məkkə Halal Forumu çərçivəsində İslam Ticarət və İnkişaf Palatasının Baş Assambleyasının 41-ci iclası keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclas Palatanın Direktorlar Şurasının sədri Abdullah Saleh Kamel tərəfindən açıq elan olunub. Açılış nitqində Abdullah Saleh Kamel Palatanın yarandığı gündən etibarən böyük inkişaf yolu keçdiyini vurğulayaraq, dünyanın dörd bir yanından təmsil olunan Direktorlar Şurasının yeni tərkibindən daha səmərəli fəaliyyət və uğurlu nəticələr gözlədiyini bildirib. O, Palatanın illik fəaliyyət hesabatını təqdim edərək, qarşıdakı dövr üçün yeni layihələrin hazırlandığını diqqətə çatdırıb, üzv ölkələrə tərəqqi və sülh arzulayıb.
İclas zamanı gündəliyə daxil edilmiş məsələlər ətrafında geniş müzakirələr aparılıb. Səsvermə nəticəsində Abdullah Saleh Kamel yenidən İslam Ticarət və İnkişaf Palatasının rəhbəri seçilib.
Baş Assambleya çərçivəsində Palatanın ümumi büdcəsi, eləcə də layihələr üzrə büdcə paketləri təqdim olunub, 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə üzv ölkələrə ətraflı məlumat verilib. Həmçinin Keniya Palatanın yeni üzvü kimi qəbul olunub.
Müzakirələr zamanı həmçinin 5–8 may 2026-cı il tarixlərində Bakı şəhərində Dayanıqlı Kənd Təsərrüfatı Sərgisinin keçirilməsi də Palatanın rəsmi tədbirlər planına daxil edilib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası 57 ölkənin təmsil olunduğu İslam Ticarət və İnkişaf Palatasının Direktorlar Şurasının üzvüdür. Konfederasiyanın Palatanın Direktorlar Şurasında yer alması ölkəmizin İslam dünyasında iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfənin, eləcə də Azərbaycan biznesinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, yeni tərəfdaşlıqların formalaşmasına da mühüm zəmin yaradır.

