skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Müsəlman Ticarət Forumu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Müsəlman Ticarət Forumu Arasında Anlaşma Memorandumu Imzalanıb

Müqəddəs Məkkə şəhərində keçirilən beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Böyük Britaniyada fəaliyyət göstərən Müsəlman Ticarət Forumu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd ASK-nın prezidenti Məmməd Musayev və Müsəlman Ticarət Forumunun sədri İqbal Sakrani tərəfindən imzalanıb. Memorandumun imzalanmasından sonra tərəflər arasında görüş keçirilib və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı ASK prezidenti Məmməd Musayev bildirib ki, imzalanmış sənəd iki qurum arasında əməkdaşlığın daha planlı və sistemli şəkildə davam etdirilməsinə imkan yaradacaq. O, Azərbaycan Sahibkarlar Konfederasiyasının Böyük Britaniyaya planlaşdırılan səfərinin cari il ərzində reallaşdırılması istiqamətində müvafiq fəaliyyətlərin həyata keçirildiyini, xüsusilə London Halal Forumuna böyük əhəmiyyət verildiyini qeyd edib.

Məmməd Musayev, həmçinin Azərbaycanın B6 və C8 ölkələri ilə əməkdaşlıq formatlarına üzvlüyünə toxunaraq, bu platformalar çərçivəsində qurulan əlaqələrin əməkdaşlığın coğrafiyasını daha da genişləndirdiyini vurğulayıb. Halal iqtisadiyyat və ticarət sahəsində forumların inkişaf dinamikasının əməkdaşlığın daha uğurlu nəticələr verməsinə zəmin yaratdığını bildirib.

Müsəlman Ticarət Forumunun rəhbəri isə əməkdaşlığın səmərəli qurulması üçün vahid məlumat bazasının formalaşdırılmasının vacibliyini qeyd edib, araşdırmalara əsaslanan, məqsədyönlü yanaşmanın önəmini vurğulayıb və bu istiqamətdə birgə işçi qrupunun yaradılmasını təklif edib.

Qeyd edək ki, Böyük Britaniyada təsis edilmiş Müsəlman Ticarət Forumu yerli müsəlman biznes icmasının iqtisadi gücləndirilməsini, sahibkarlar arasında əlaqələrin inkişafını və beynəlxalq əməkdaşlığın təşviqini qarşıya məqsəd qoyan aparıcı platformalardan biridir.

Bu memorandum ASK ilə Müsəlman Ticarət Forumu arasında əlaqələrin yeni mərhələyə keçidini təmin etməklə yanaşı, Azərbaycan biznesinin Böyük Britaniya və daha geniş beynəlxalq bazarlara çıxışı baxımından mühüm imkanlar açır.

Back To Top