ASK Rəyasət Heyətinin illik iclası keçirilib
Martın 12-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin iclası keçirilib. İclasda Konfederasiyanın 2025-ci ildəki fəaliyyətinə dair hesabat və 2026-cı il üçün fəaliyyət planı müzakirə olunub.
İclası açan ASK-nın prezidenti Məmməd Musayev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin yaratdığı yeni imkanlar barədə danışıb. O, xüsusilə ixrac baxımından yeni bazarların açılması və ölkə iqtisadiyyatının inkişaf dinamikası ilə bağlı fikirlərini bölüşüb.
Məmməd Musayev ölkədə mövcud olan investisiya imkanlarını da diqqətə çatdıraraq, xüsusilə azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan şəraitdən bəhs edib. Həmçinin Naxçıvan Muxtar Respublikasında bu ildən qüvvəyə minən vergi güzəştlərinin sahibkarlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Konfederasiyanın 2025-ci ildəki fəaliyyətinə dair hesabat ASK-nın Baş katibi Ziya Hacılı tərəfindən təqdim olunub. O bildirib ki, 2025-ci ildə Konfederasiya Türk Ticarət və Sənaye Palataları Birliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Üçtərəfli Komissiyaya sədrlik edib və bu çərçivədə görülən işlər barədə ətraflı məlumat verib.
Ziya Hacılı dövlət–özəl dialoqunun inkişafı, sahibkarların hüquqlarının qorunması, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi və sahibkarların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, həmçinin Konfederasiyaya sahibkarlar tərəfindən daxil olan müraciətlərlə bağlı görülən tədbirlərin nəticələrini diqqətə çatdırıb.
Baş katib 2026-2028-ci illəri əhatə edəcək Baş Kollektiv Sazişdə Konfederasiyanın üzərinə düşən vəzifələr və sənədin əsas mövzuları barədə Rəyasət Heyətini məlumatlandırıb.
Daha sonra 2026-cı il üçün fəaliyyət planı təqdim olunub və Rəyasət Heyətinin üzvlərinin təklif və rəyləri dinlənilib.
Müzakirələrin yekununda Konfederasiyanın 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat və 2026-cı il üçün fəaliyyət planı Rəyasət Heyəti tərəfindən təsdiqlənib.
