Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlığı genişlənir
Azərbaycan və Macarıstan arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı və qarşıdakı prioritet istiqamətlər müzakirə edilib. Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilən görüşdə Türk Dövlətlər Təşkilatının Macarıstan Nümayəndəliyinin icraçı direktoru Balaş Hendriç geniş məlumat verib.
Konfederasiyanın rəhbəri Məmməd Musayev bildirib ki, Türk Dövlətlər Təşkilatına üzv ölkələr – Türkiyə, Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Macarıstan Avropa məkanında, Azərbaycan və Orta Asiya ölkələri isə Mərkəzi Asiyada mühüm coğrafi mövqeyə malikdir. Onun sözlərinə görə, bu ölkələr arasında iqtisadi əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsi istiqamətində atılan addımlar özəl sektor nümayəndələri tərəfindən müsbət qarşılanır.
Balaş Hendriç qeyd edib ki, təşkilatın Macarıstan nümayəndəliyi faktiki olaraq Avropa ofisi funksiyasını yerinə yetirir və bu yaxınlarda ölkədə keçirilən seçkilərdən sonra qurulacaq yeni hökumət də Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfəsini verməkdə davam edəcək. O əlavə edib ki, Macarıstan İqtisadiyyat Nazirliyi ilə nümayəndəlik arasında əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur.
Bildirib ki, Macarıstan Ticarət və Sənaye Palatasının tərkibində yaradılmış 12 regional komitədən biri Türkiyə və Mərkəzi Asiya regionunu əhatə edir və bu komitəyə rəhbərlik də ona həvalə olunub.
Balaş Hendriç həmçinin mayın 13-də Astana şəhərində keçiriləcək Türk Ticarət və Sənaye Palataları Birliyinin toplantısında quraqlıqla mübarizəyə dair xüsusi təqdimatla çıxış edəcəyini söyləyib. Bu layihənin üzv ölkələr üçün ortaq həllər təqdim edəcəyi vurğulayıb.
Eyni zamanda, süni intellekt sahəsində Macarıstan və Azərbaycan şirkətlərinin bir araya gətirilməsi, peşəkar təlim və tədris proqramlarının təşkili istiqamətində təşəbbüslər müzakirə olunub.
ASK rəhbəri konkret layihələr üzərindən əməkdaşlığın daha səmərəli olacağını qeyd edərək, Baş Kollektiv Saziş çərçivəsində Konfederasiyanın sosial-iqtisadi fəaliyyət istiqamətləri barədə məlumat verib və əməkdaşlığın inkişafı üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.

