skip to Main Content

Siçuan vilayətinin sahibkarları Azərbaycanda işgüzar görüşlər keçiriblər

Siçuan Vilayətinin Sahibkarları Azərbaycanda Işgüzar Görüşlər Keçiriblər

Çinin aparıcı sənaye və iqtisadi mərkəzlərindən biri olan Siçuan vilayətini təmsil edən sahibkarlar Azərbaycana işgüzar səfər ediblər. Səfər çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə B2B görüşlər təşkil olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK Consulting şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Tədbir çərçivəsində Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Siçuan Şurası, Siçuan Beynəlxalq Ticarət Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirin açılışında çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Diag Tao Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda Çin bütün ölkələrlə ticarət və investisiya əməkdaşlığını genişləndirməyə çalışır və açıq iqtisadiyyat siyasətinə sadiqliyini davam etdirir.

“Ümid edirəm ki, Xəzər dənizinin sahilində keçirilən bu görüş Azərbaycan və Çin arasında biznes əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Diag Tao bildirib.

Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Siçuan Şurasının və Siçuan Beynəlxalq Ticarət Palatasının prezidenti Liu Furonq Bakı səfərinin əhəmiyyətindən danışaraq bildirib ki, Siçuan Çinin ən güclü sənaye regionlarından biridir. Onun sözlərinə görə, vilayətdə 5 mindən çox xarici sərmayəli şirkət fəaliyyət göstərir və region ölkənin iqtisadi inkişafında mühüm rol oynayır.

“Siçuan və Azərbaycan iqtisadiyyatları bir-birini tamamlayan sahələr üzrə əməkdaşlıq üçün geniş imkanlara malikdir. Bu təşəbbüs həm də ‘Bir kəmər, bir yol’ layihəsi çərçivəsində əməkdaşlığın inkişafına xidmət edir”, – deyə Liu Furonq qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında Azərbaycan və Çin arasında münasibətlərin qədim İpək Yolunun tarixi irsinə söykəndiyini bildirib. Onun sözlərinə görə, son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Məmməd Musayev vurğulayıb ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və son illərdə ölkələr arasında ticarət dövriyyəsi davamlı olaraq artır.

“2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 5 milyard ABŞ dollarına yaxın olub ki, bu da ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin təxminən 10 faizini təşkil edir”, – deyə ASK prezidenti bildirib.

O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı və qida məhsulları, kimya sənayesi məhsulları, logistika, sənaye və yaşıl enerji sektorları Çin bazarında daha geniş təmsil oluna bilər. Eyni zamanda ölkədə mövcud olan əlverişli investisiya mühiti Çin şirkətləri üçün yeni imkanlar yaradır.

Tədbirin sonunda Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Siçuan Şurası, Siçuan Beynəlxalq Ticarət Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Back To Top