skip to Main Content

Ankara şəhərində qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

Ankara şəhərində Qlobal Halal Bazarında Azərbaycanın Dayanıqlı Kənd Təsərrüfatı Imkanları Təqdim Edilib

İslam Ticarət və İnkişaf Palatasının (ICCD) İdarə Heyətinin yeni fəaliyyət dövrünün ilk iclası (40-cı iclas) Türkiyənin paytaxtı Ankarada keçirilib. İclasda Azərbaycan sahibkarları ölkəmizi təmsil ediblər.

Palatanın İdarə Heyətinin və Direktorlar Şurasının üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu tədbirdə ölkəmizin dayanıqlı kənd təsərrüfatı, bu sektorda formalaşmış dəyər zənciri, ixrac potensialı haqqında çıxış edib.

İclasın gündəliyində duran əsas məsələlər sırasına daxili seçkilərin tamamlanması (vitse-prezidentlərin, icra və maliyyə komitələri üzvlərinin seçilməsi), halal strategiyası (2026-2030) üzrə işlərin gedişatı və regional iqtisadi əməkdaşlıq layihələri daxildir.

Həmçinin, Palatanın yaradılmasının 50 illiyinə həsr olunacaq “Qızıl Yubiley-2027” tədbirlərinin planlaşdırılması və gələcək fəaliyyət istiqamətləri də İdarə Heyətinin diqqət mərkəzində olub.

İslam dünyasının iqtisadi inkişafı, ticarət inteqrasiyası və özəl sektorun gücləndirilməsi naminə birgə addımların atılması istiqamətində təkliflər müzakirə edilib.

İslam Ticarət və İnkişaf Palatasının İdarə Heyətinin üzvləri tədbir çərçivəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüblər. Görüşdə islam ölkələrinin iqtisadi əməkdaşlığı, investisiya imkanları, biznes perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində “Qlobal Halal Bazarında Dayanıqlı Kənd Təsərrüfatı Biznes İmkanı” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılının moderatorluğu ilə təşkil olunan tədbirdə İslam Ticarət və İnkişaf Palatasına (ICCD) üzv ölkələrin biznes təşkilatlarının rəhbərləri, sahibkarlar, aqrar sektor nümayəndələri, beynəlxalq ekspertlər və investorlar iştirak ediblər.

Tədbirin əsas məqsədi halal iqtisadiyyatında dayanıqlı kənd təsərrüfatının rolunu, əlavə dəyər yaradan aqrar istehsalın inkişaf perspektivlərini, üzv ölkələr arasında investisiya və ticarət əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etmək olub.

Açılış nitqləri ilə Palatanın Baş katibi Yusif Həsən Xələvi və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər. M.Musayev bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən islahatlar, subsidiyalar, suvarma sistemlərinin modernləşdirilməsi və aqrar innovasiyaların tətbiqi sektorun dayanıqlı inkişafını təmin edir.

Onun sözlərinə görə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafına dair keçirilmiş son müşavirə və qəbul edilən strateji qərarlar bu sahəyə yeni impuls vermişdir. Bu yanaşma aqrar sektorun yalnız daxili bazar üçün deyil, həm də ixrac yönümlü güclü iqtisadi sahəyə çevrilməsini hədəfləyir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılının moderatorluğu ilə keçirilən dəyirmi masada halal və dayanıqlılıq iddialarında istehlakçı etimadını gücləndirmək üçün rəqəmsal izləmə alətlərindən istifadə, aqrotexnologiya və emal investisiyalarını dəstəkləmək üçün “Salam” və “İstisna” kimi şəriətə uyğun maliyyə alətlərinin tətbiq edilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərindən ilk pilot layihələr qrupunun müəyyənləşdirilməsi və onların Bakıda keçiriləcək Dayanıqlı Kənd Təsərrüfatı Forumunda təqdim olunması kimi məsələlər müzakirə edilib.

Müzakirələrdə həmçinin kənd təsərrüfatının halal dəyər zəncirinin əsas elementi kimi rolu, “fermadan süfrəyə” yanaşmasının genişləndirilməsi, torpaq və su resurslarının səmərəli idarə olunması, qida təhlükəsizliyinin gücləndirilməsi və İƏT ölkələrinin qlobal halal bazarında rəqabət qabiliyyətinin artırılması məsələləri ön plana çıxarılıb.

Sessiyanın əsas hissələrindən biri İslam Əməkdaşlıq Təşkilatı ölkələrində aqrosənaye əməkdaşlığının inkişafına həsr olunub. Bu çərçivədə kiçik fermer təsərrüfatlarının müqaviləli kənd təsərrüfatı modellərinə inteqrasiyası, aqrar emal sənayesinin inkişafı, soyuq zəncir logistikasının genişləndirilməsi və üzv dövlətlər arasında ticarət əlaqələrinin dərinləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin müdiri Aytac Talıblının aparıcılığı ilə keçən Palatanın tədbirləri arasında “İnnovasiya və sahibkarlıq: Gənc və qadın sahibkarlar” mövzusunda panel də maraqla qarşılanıb. Konfederasiyanın Rəyasət Heyətinin üzvü Səkinə Babayevanın spikerlik etdiyi paneldə bu sahədə ölkəmizin təcrübəsi qeyd edilib və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Back To Top