skip to Main Content

“Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib

“Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” Keçirilib

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, KOBİA-nın Naxçıvan üzrə regional koordinatorluğunun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə tərəfdaşlığı ilə “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib.

Tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən forumda muxtar respublikadan olan sahibkar və 25 istedadlı qadının əl işləri və məhsullarından ibarət sərgi-satış təşkil edilib.

Forumda çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev sahibkarlıq mühitinin inkişafı, özəl sektorun dəstəklənməsi və sahibkarların resurslara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Digər çıxışlarda qadın sahibkarlığının sosial-iqtisadi inkişafda rolu, qadınların özünüməşğulluğunun artırılması və yeni biznes imkanlarının yaradılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov qadın sahibkarların maliyyə resurslarına, müasir biznes biliklərinə, rəqəmsal texnologiyalara, marketinq və ixrac imkanlarına çıxışının vacibliyini qeyd edib və Konfederasiyanın bu istiqamətdə dəstəyə hazır olduğunu bildirib.

Forum çərçivəsində qadın sahibkarlara plaketlər və tərəfdaş təşkilata təşəkkürnamə təqdim olunub. Tədbir qadın sahibkarlığının inkişafında dövlət dəstəyi, innovasiya, aqrobiznes və rəqəmsal sahibkarlıq mövzularında panel müzakirələri ilə davam edib.

Back To Top