Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir Kəmər, Bir Yol” Qlobal Forumuna üzv qəbul edilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünya miqyasında mühüm biznes platformalarından biri olan “Bir Kəmər, Bir Yol” Qlobal Forumuna (Belt and Road Global Forum) rəsmən üzv olub. Bununla bağlı məlumat Forumun rəsmi internet səhifəsində dərc edilib. Bu mötəbər beynəlxalq şəbəkəyə qoşulmaqla bağlı dəvət məktubu Forumun katibliyini həyata keçirən Honkonq Ticarətin İnkişafı Şurası (HKTDC) tərəfindən ASK-ya ünvanlanmışdı.
ASK-nın bu qlobal şəbəkəyə üzvlüyü Azərbaycan sahibkarlarına dünyanın aparıcı biznes təşkilatları ilə birbaşa dialoq və tərəfdaşlıq imkanı yaradılır. Həmçinin Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışı üçün ikitərəfli görüşlər və ticarət missiyaları təşkil olunacaq. Stratejicəhətdən Azərbaycanın Şərq-Qərb ticarət marşrutunda yerləşməsi Asiya, Çin və Mərkəzi Asiya bazarları ilə əlaqələrin inkişafına əlavə təkan verəcək.
Bu vacib addım Azərbaycan biznesinin maraqlarını beynəlxalq platformalarda uğurla təmsil etməyə, yerli sahibkarlar üçün yeni ticarət və investisiya üfüqləri açmağa xidmət edir.
Qeyd edək ki, 1966-cı ildə yaradılmış HKTDC beynəlxalq ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləyən, sərgilər, forumlar və B2B görüşləri təşkil edən aparıcı biznes təşviqi qurumlarından biridir. 2018-ci ildən fəaliyyət göstərən “Bir Kəmər, Bir Yol” Qlobal Forumu hazırda 47 ölkə və regiondan 186 ticarət palatası, biznes assosiasiyası və əlaqəli qurumu bir araya gətirən böyük beynəlxalq biznes şəbəkəsidir.
