skip to Main Content

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev

Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur.

1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.

1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən 2025-ci ilədək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır.

Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Ziraat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.

İşlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.

Ailəlidir, üç övladı var.

Back To Top