
- This event has passed.
Bakıda B20 Azərbaycan Regional Məsləhət Forumu keçirilib
May 13, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

12 may 2015-ci il tarixdə Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə B20 Azərbaycan Regional Məsləhət Forumu keçirilib.
Belə bir tədbirin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Forumda aidiyyəti dövlət qurumlarının, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 140-dan çox şirkətin nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir. Tədbirə həmçinin, Türkiyə Respublikasının Baş nazirinin müavini Ali Babacan, Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC BC) səlahiyyətli nümayəndələri, Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının, BMT-nin İnkişaf Proqramının Regional Mərkəzinin, Müstəqil Dövlətlər Birliyinin Maliyyə və Bank Şurasının nümayəndə heyətləri, Bolqarıstan, Yunanıstan və Rumıniyanın Ticarət və Sənaye Palatalarının rəhbər şəxsləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Rusiya Milli Komitəsinin nümayəndələri, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədri və vitse-prezidenti, Gürcüstan Respublikasının İşəgötürənlər Assosiasiyasının (GEA) prezidenti və digər ölkələrdən gələn nüməyəndələr qatılıblar.
Forumda salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev forumun İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin biznes təmsilçiləri üçün mühüm müzakirə platforması olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tədbir həmçinin üzv ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi və biznes imkanlarının beynəlxalq aləmdə daha yaxşı təqdim olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Məmməd Musayev bildirib ki,G20-ninüzvü olan dövlətlərin biznesə dəstək qurumlarının liderlərini birləşdirənB2012 prioritet mövzu üzərində təşkilatlanıb (İqtisadi Siyasətlər, Maliyyə Tənzimlənməsi, Beynəlxalq Maliyyə Sistemi, Əmtəə və Xammal Məhsulları, İnkişaf və ərzaq təhlükəsizliyi, Məşğulluq və Sosial Ölçü, Antiikorrupsiya, Ticarət və İnvestisiya, İnformasiya Kommunikasiya Texnologiyası və İnnovasiya, Qlobal İdarəetmə, Enerji, Yaşıl İnkişaf ). B20-nin əsas missiyası aktual iqtisadi proseslərin, çağırışların təhlili əsasında C20-yə müvafiq tövsiyələrin hazırlanıb təqdim edilməsidir.
ASK-nın prezidenti onu da qeyd edib ki, bugünkü B20 Azərbaycan Regional Məsləhət Forumunda müzakirə ediləcək aktual məsələlər Forumda iştirak edən ölkələrin ticarət, investisiya, infrastruktur, antikorrupsiya sahələrində beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarların maliyyə və məşğulluq istiqamətindəki birgə fəaliyyətinə öz töhfəsini verəcək və bu sahədə olan mövcud problemlərin mənimsənilməsinə müsbət təsir göstərəcəkdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC) Baş katibi Məmməd Zülfüqarov çıxış edərək bildirib ki, B20 Azərbaycan Regional Məsləhət Forumu Qara Dəniz və Xəzər dəniz regionu ölkələri ilə B20 ölkələri arasında ticarət, infrastruktur, kiçik və orta sahibkarlıq, investisiyalar üzrə müzakirə və məsləhətləşmələri özündə ehtiva edir. Bu forumun nəticəsi olaraq tövsiyyə və təkliflər hazırlanaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri hökumətlərinə təqdim ediləcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli çıxışında türkdilli dövlətlərdə yaşayan iş adamlarının bəlli inkişaf prosesi keçməsinin vacibliyini vurğulayıb. A.Saparbekuli qeyd edib ki, bunun ən yaxşı nümunəsi Türkiyədir. Türkdilli ölkələrdə iş adamları müəyyən problemlərlə qarşılaşır. Bu gün iqtisadiyyat nazirlərinin qarşısında duran vacib məsələlərdən biri – özəl sektora göstərilən dəstəyin artırılmasıdır. Bugünkü toplantı beynəlxalq münasibətlərin inkişafına böyük dəstək verəcək. A.Saparbekuli, həmçinin özəl sektorda göstərilən ən yaxşı dəstəyin turizm sahəsi ilə bağlı olduğunu deyib.
Sahibkarların Beynəlxalq Konqresinin Şura sədri Vasili Tarlev çıxış edərək tədbirin xüsusi əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxışında bildirib ki,bu gün yaşadığımız qloballaşma və texnoloji irəliləyiş kimi makrotrendlər səylərimizi birləşdirməyi, mövcud əlaqələri genişləndirməyi tələb edir. İnteqrasiya zamanın başlıca çağırışıdır. İnanırıq ki, toplaşdığımız bu Forum yeni əlaqələr yaradılması, əməkdaşlıq perspektivlərinin araşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı bir platforma olacaqdır. R.Abdullayev qeyd edib ki, Türkiyə Odalar və Borsalar Birliyinin rəhbərliyi dövründə B20 prosesi daha da inkişaf edəcək, iş dünyasının, qeyri-hökumət təşkilatlarının daha geniş dəstəyini qazanacaq, biznesi maraqlandıran önəmli məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılacaq, qlobal problemlərlə mübarizə istiqamətində önəmli addımlar atılacaqdır.
Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə və TOBB-un prezidenti Rifat Hisarçıklıoğlu çıxışlarında Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb, bugünkü forumun hər iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyini diqqətə çatdırıblar. Qeyd olunub ki, forum hər iki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlığının daha da genişlənməsinə öz töhfəsini verəcək.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, ölkələrin sosial-iqtisadi inkişafına maneələr yaradan problemlərin araşdırılaraq G20 sammitlərinin gündəliyinə çıxarılmasında B20 formatının rolu böyükdür. Bu platforma iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının geniş müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə qlobal siyasəti müəyyən edən qurumlar arasında əlaqələrin yaradılması üçün yaxşı fürsətdir. Qeyd olunmuşdur ki,G20-yə sədrlik edən Türkiyənin qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi və B20 forumunun Bakıda keçirilməsi qərarı ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiq edir.
Azərbaycan iqtisadiyyatının inkişafından danışan Şahin Mustafayev vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artmışdır.
Çıxışında sahibkarlığın inkişafının Azərbaycan hökuməti üçün prioritet əhəmiyyət daşıdığını qeyd edən nazir Şahin Mustafayev bu sahədə təkmil qanunvericilik bazasının yaradıldığını, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin, aqroparkların, biznes inkubatorların və s. yaradılmasına başlanıldığını viuğulayıb. Dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir.Yaradılmış əlverişli biznes və investisiya mühitinin nəticəsidir ki, 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73 faiz, vergi daxilolmalarında 70 faiz, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi təqribən 82 faiz təşkil etmişdir. İndiyədək ölkə iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur.
Türkiyə Baş Nazirinin müavini Ali Babacan tədbirdə çıxış edib. Əli Babacan Azərbaycanın paytaxtında olmağından məmnunluğunu və Bakıya hər səfərindən şəhərin daha da gözəlləşdiyini müşahidə etdiyini bildirib. Qeyd edilib ki, Bakı artıq beynəlxalq şəhərə çevrilib. İyunda Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz qardaş ölkədə baş verən bütün hadisələri yaxından izləyirik. Azərbaycan artıq dünyanın bir çox ölkələrinin iqtisadiyyatına dəstək verəcək bir mövqeyə sahibdir. Azərbaycanın G20 çərçivəsində tədbirlərə qatılmasının ölkənin inkişafına xüsusi dəstək verəcəyini düşünürük. Ə.Babacan diqqətə çatdırıb ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 5 milyard dollar səviyyəsində olub. Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti artıq fəaliyyətdədir. TANAP və TAP layihələri də önəmli bir işbirliyinin təməli deməkdir.
Ə.Babacan deyib: “Azərbaycan Cənubi Qafqazda təbii ehtiyatlarla zəngin bir ölkədir. Azərbaycanın bu bölgədə strateji əhəmiyyəti daha da artıb. Artıq Azərbaycan bölgədə güc sahibidir. Biz hər zaman Azərbaycanın yanındayıq və hər zaman qardaş ölkəyə dəstəyimizi əsirgəməyəcəyik. Biz istəyirik ki, Azərbaycanla birlikdə hərəkət edək. Ermənistan işğalçılıq siyasəti ilə kənarda qalır. Əgər Ermənistan normal iqtisadiyyatı bərpa etmək istəyirsə, işğalçılıq siyasətindən əl çəkməlidir”.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Moldova Sənayeçilərin və Sahibkarların Milli Konqresi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Forum öz işini panellərlə davam etdirib. “B20 Türkiyənin Ticarət , İnfrastruktur, İnvestisiya və Enerji Gündəliklərindəki mövzuların geniş müzakirəsi” və “B20 Türkiyənin Məşğulluq, Maliyyə Artımı, KOM-lar və Sahibkarlığın İnkişafına olan töhvəsi və Antikorrupsiya işçi qrupları” panellərində müzakirələr aparılıb.
Günel Yusifqızı