skip to Main Content

“Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda konfrans keçirilib

“Dövlət Sahibkarın ən Yaxşı Tərəfdaşıdır” Mövzusunda Konfrans Keçirilib

İyunun 4-də Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda konfrans keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, sahibkarlar iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurlarla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail ounduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, dördüncü ildir ki, qeyd edilən Sahibkarlar Gününün sahibkarlığa göstərilən yüksək diqqətin və qayğının daha bir göstəricisi olduğunu vurğulayıb.

Konfransda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.

Sonra ölkəmizdə sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən “Dayanıqlı inkişafın əsası – sahibkarlıq” filmi nümayiş olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafının, sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətləri olduğunu qeyd edib. Bildirilib ki, sosial islahatlar paketinin yeni uğurları kimi, 2019-cu ildə minimum əmək haqqı və minimum pensiya, sosial müavinət və təqaüdlər artıb, bu və digər mühüm tədbirlər əhalinin rifahına ciddi dəstək olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və millət vəkili Vahid Əhmədov çıxışlarında iqtisadiyyat və sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar.

Vergilər nazirinin müavini Sahib Ələkbərov vergi sistemində aparılan dəyişikliklərin əsas istiqamətləri, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə sahibkarlığın rolundan bəhs edib, dövlətin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə çıxış edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfəsini verir. Məmməd Musayev Konfederasiyanın bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

“Prezident İlham Əliyev çıxışlarının birində yerli sahibkarlara müraciət edərək demişdir: Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Biz sahibkarlar olaraq bunu öz gündəlik işimizdə hiss edirik.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Azərbaycanın dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilməsi ölkədə aparılan iqtisadi islahatların bariz nümunəsidir.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmış, ümumilikdə isə, müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.

Eyni zamanda “Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin icrası bütün sferalarda müsbət nəticələrini göstərməyə başlamışdır.

Azərbaycan Prezidentinin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strategiyasına uyğun olaraq, sahibkarlığın inkişafı istiqamətində qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, vergi yükü azaldılır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir.

Bundan əlavə Dövlət başçısının sahibkarlara, vətəndaşlara dəstəyi sosial baxımdan da önəmlidir. “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara xeyli miqdarda ziyan dəymişdir. Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durdu, sahibkarları sahibsiz qoymadı.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə ölkədə bir çox vətəndaşın devalvasiya nəticəsində üzləşdikləri maliyyə itkisi Dövlət büdcəsi vəsaiti hesabına kompensasiya edildi. Ölkədə Ümumilikdə 900 minə yaxın vətəndaş bu fərmanın əhatə dairəsinə düşür.

Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı islahatları və görülən işləri saymaqla bitməz. Məhz bu islahatıların uğurla aparılması bütün dövlət orqanlarının, xüsusilə İqtisadiyyat Nazirliyinin gərgin əməyi nəticəsində mümkün olmuşdur.

Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılmış, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmiş, lisenziyanın verilməsinə görə dövlət rüsumları Bakıda 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi mexanizminin tətbiqindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 21 mindən çox yeni iş yeri yaradılmışdır.

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.Ümumilikdə isə, son 3 ildə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara 6766 lisenziya verilib.

Statistik məlumatlara əsasən hazırda ölkədə 972 minə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir.

Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, sahibkarlar da özünəməxsus töhfələr verir. Bu dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.

Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən və bu il yaranmasının 20 illiyini qeyd edən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiya yanında sahələr üzrə yaradılmış 16 daimi komissiya, respublikanın bütün bölgələrini əhatə edən nümayəndəliklər regional idarəetməni təmin edir”.

Sonra konfransda çıxış edən sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində bir qrup sahibkar korporativ sosial məsuliyyət, fəal assosiasiya, intizamlı vergi ödəyicisi, sosial sahibkarlıq, fəal ixracatçı şirkət, innovativ fəaliyyət və uğurlu KOB nominasiyaları üzrə təltif olunublar.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Back To Top