Azərbaycan sahibkarları ölkə prezidentinin çağırışını dəstəklədi
10 Oktyabr, 2019-cu ildə Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas Azərbaycan prezidenti cənab İlham Əliyevin məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin açılışında sahibkarlara ünvanladığı çağırışa həsr olunmuşdur.
İclası giriş nitqi açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirdi ki, ölkəmizin iqtisadi inkişafı ilə paralel vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə möhtərəm prezidentimizin rəhbərliyi ilə mühüm addımlar atılır: “2019-cu ilin ötən doqquz ayında Azərbaycan prezidentinin iki böyük sosial paketlə bağlı qərarlarını xatırlatmaq istərdim. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Hesab edirəm ki, sahibkarlarımız da bu işlərdə iştirak etməli və cənab prezidentin bu nəcib təşəbbüsünə qoşulmalıdır”.
İclasda çıxış edən Rəyasət Heyətinin üzvləri Zakir Nuriyev, Süleyman Qasımov, Şahmar Vəliyev, Vahid Novruzov, Məhəmməd Abdullayev, AMCHAM-ın icraçı direktoru Natavan Məmmədova, ATİB-in sədri Cemal Yangın, assosiasiya rəhbərləri və digər sahibkarlar bu çağırışa qoşulmağa hazır olduqlarını bəyan etdilər.
İclasda iştirak edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz çıxışında ölkə başçısının ciddi bir məsələni gündəmə gətirdiyini vurğulayaraq qeyd etdi ki, İqtisadiyyat Nazirliyi bu təşəbbüslərdə sahibkarlarımızı tam dəstəkləyir: “Hesab edirik ki, sahibkar ölkəsinə sahib olan bir vətəndaş kimi həm də onun problemlərinin həllinə öz töhfəsini verməyə çalışmalıdır”.
Sonda Rəyasət Heyətinin qərarı ilə vitse-prezident Vüqar Zeynalovun rəhbərliyi ilə İşçi Qrup yaradıldı və cənab prezidentə müraciət qəbul olundu.
Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin
MÜRACİƏTİ
Möhtərəm, cənab Prezident!
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın inkişaf strategiyasının Zati-Aliləriniz tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi digər sahələrdə olduğu kimi, ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin etmiş, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü sahibkarlar təbəqəsi formalaşmışdır.
Məhz Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri və yeni institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.
Sizin təşəbbüsünüzlə beynəlxalq layihələrin reallaşdırılması, sahibkarlığın dəstəklənməsi üçün institusional mexanizmlərin, nümunəvi modellərin və təşviq alətlərinin uğurlu tətbiqi, yerli istehsalın davamlı olaraq gücləndirilməsi, Azərbaycan iqtisadiyyatında özəl bölmənin rolunun və rəqabət qabiliyyətinin artırılmasına mühüm təsir göstərməkdədir.
Artıq Azərbaycan şirkətləri sosial məsuliyyət çərçivəsində ölkəmizin sosial qayğılarının həllində fəal iştirak etməyə hazırdırlar. Məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksləri buna ən yaxşı nümunələrdəndir.
Möhtərəm, cənab Prezident!
“Qobu Park-2” yaşayış kompleksinin açılışında Azərbaycan sahibkarlarına etdiyiniz çağırış ölkəmizdə çalışan bütün iş adamları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Sahibkarlığın inkişafına dövlət dəstəyini və Sizin rəhbərliyiniz altında aparılan dərin iqtisadi islahatların müsbət nəticəsini öz fəaliyyətində daima hiss edən Azərbaycan sahibkarları Sizin bu çağırışınıza qoşularaq, ölkəmizin sosial qayğılarının həll olunmasında iştirak etməyə hazırdır.
Bu məqsədlə 10 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclasda çıxış edən sahibkarlar bu təşəbbüsə qoşulmağa hazır olduqlarını bəyan etdilər.
Rəyasət Heyətinin qərarı ilə bununla əlaqədar ASK-nın tərkibində işçi qrupu yaradılıb. İşçi qrupu sahibkarlardan daxil olan təklifləri dəyərləndirərək, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə əlaqəli şəkildə konkret layihələrin icrasını təmin edəcəkdir.
