skip to Main Content

ASK-nın region nümayəndələrinin növbəti görüşü keçirilib

ASK-nın Region Nümayəndələrinin Növbəti Görüşü Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası regionlarda bizneslə məşğul olan sahibkar və işəgötürən üzvləri ilə işbirliyini artırmaq məqsədilə növbəti tədbir keçirib.

ASK 38 rayondakı nümayəndələrini Bakıya toplayaraq, onların çətinlikləri, rayonlarda biznesin inkişafına mane olan amilləri müzakirə edib və dövlətin subsidiya, kredit mexanizmləri ilə bağlı onları təlimatlandırıb.

Fevralın 22-də Bakıda keçirilən ASK rayon nümayəndələrinin görüşündə  Aqrar Xidmətlər Agentliyinin (AXA), Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndələri təqdimatlarla çıxış ediblər. Sonra sahibkarların sualları cavablandırılıb.

AKİA-nın sektor müdiri Rövşən Məmmədlinin sözlərinə görə, agentlik dövlət tərəfindən ayrılan vəsaiti müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara verir. MKT-lərə limitlər müəyyən olunur və dövlətin ayırdığı vəsait tam istifadə edilmədikdə onlara müəyyən faizlər tətbiq edilir.

Nağd kreditlərin 5 min manata qədər olduğunu vurğulayan R.Məmmədli bildirib ki, iri həcmli kredit məbləğinin həcmi 200 min manatadəkdir.

Texnikaya, damazlıq heyvandarlığa verilən kreditlərlə bağlı şərtləri açıqlayan Agentlik nümayəndəsi subsidiyaların kartla verildiyini bildirib. Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Günay Məmmədova qurumun aqrar sahədə çalışan sahibkarlara təqdim etdiyi xidmətlər barədə məlumat verib. Subsidiyaların kartlar vasitəsilə verilməsinə başlanıldığını deyən G.İbrahimova Agentliyin digər məhsulları da barədə sahibkarları məlumatlandırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kiçik və Orta Biznesin Dostu Departamentinin müdir müavini Elnur Əliyev hazırda 29 rayonu əhatə edən KOB Dostunun 2020-ci ilin sonuna qədər daha 10 rayonda ofis açacağını qeyd edib.

Sonra rəsmilər ASK-nın region nümayəndələrinin suallarını cavablandırıblar.

Back To Top