Bakıda “İqlimə Uyğunlaşma və Dövlət Maliyyə Dəstəyi” mövzusunda təlim keçirilib
16 aprel 2026-cı il tarixində Bakı şəhərində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “İqlimə Uyğunlaşma və Dövlət Maliyyə Dəstəyi” mövzusunda təlim təşkil edilib.
Tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilən “Şərq Tərəfdaşlığı Ölkələrində Yaşıl Sövdələşməyə Hazırlığın Təşviqi” layihəsi çərçivəsində baş tutub. Təlim Sparkassenstiftung və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən “ASK Biznes Konsaltinq” MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Məlum olduğu kimi, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatının dayanıqlılığının artırılması üçün 1,2 milyard manatdan çox vəsait prioritet olaraq nəzərdə tutulub. Büdcədən ayrılan bu kütləvi dəstək fonunda sahibkarların mövcud imkanlar barədə məlumatlılığının artırılması xüsusi aktuallıq kəsb edir. Təlimin əsas məqsədi də məhz iştirakçılara kənd təsərrüfatı bizneslərinin müasirləşdirilməsi, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, aşağı faizli maliyyə imkanlarına çıxış və rəqəmsal subsidiya müraciətləri üzrə praktiki biliklər vermək olub.
Təlim çərçivəsində iştirakçılara damcılı və pivot suvarma sistemləri üçün 50% dövlət subsidiyaları, eləcə də Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə yeni traktor və kənd təsərrüfatı texnikasının alınmasında 40% güzəşt imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirdə 7% faiz dərəcəsi ilə güzəştli kreditlər, faiz subsidiyası proqramları, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) rəqəmsal bəyannamələrin və subsidiya müraciətlərinin düzgün hazırlanması qaydaları izah olunub.
Qarşılıqlı fikir mübadiləsi və aktiv sual-cavab sessiyası ilə davam edən təlim sahibkarların böyük marağına səbəb olub.

