Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Yerli istehsalın təşviqi və tikinti materialları sənayesinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni tərəfdaşlıq addımı atılıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi ASK-nın Baş Katibi Ziya Hacılı və ATMİA-nın Baş Katibi Şahanə Sarı imzalayıblar.
Memorandumun əsas məqsədi tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın qurulması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yerli istehsalın təşviqi və ölkədə biznes mühitinin inkişafına töhfə verilməsidir. Bu tərəfdaşlıq tikinti materialları sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənədin əsas istiqamətləri birgə təşəbbüslər, “Made in Azerbaijan” brendinin dəstəklənməsi, dövlət-özəl dialoqunda, müvafiq qanunvericiliyin təkmilləşdirilməsində əməkdaşlığın gücləndirilməsi, birgə forumlar, konfranslar, sərgilər, biznes görüşləri, təlimlər və seminarların təşkilini nəzərdə tutur.
Anlaşma Memorandumu qarşılıqlı etimad, şəffaflıq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Tərəflər müəyyən olunmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyət planları hazırlamağı və işçi qrupları yaratmağı planlaşdırırlar.

