Bakıda üç ölkənin iştirakı ilə beynəlxalq investisiya sammiti keçirildi
Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq, strateji investisiyalar və yeni biznes tərəfdaşlıqları Bakıda keçirilən TABA-AmCham Eurasia Investment & Networking Summit 2026-nın əsas müzakirə mövzuları olub.
Beynəlxalq sammitdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, diplomatlar, investorlar, sahibkarlar və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət rəhbərləri bir araya gəliblər.
“Caspian Bridge Summit – Xəzər Körpüsü Zirvəsi” konsepsiyası əsasında keçirilən tədbir yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müzakirəsi və üç ölkənin iş dünyası arasında əməkdaşlığın gücləndirilməsi baxımından platforma rolunu oynayıb.
Sammit TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəliyinin ev sahibliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunub.
Tədbirin açılışında TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəsi, QSA şirkətinin təsisçisi və direktoru, ISO baş auditoru Qızılı Seyidova çıxış edib. O, iştirakçıları Bakıda salamlamaqdan məmnunluğunu ifadə edərək sammitin Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya imkanlarının genişlənməsinə və yeni işgüzar tərəfdaşlıqların qurulmasına töhfə verəcəyinə inandığını bildirib.
Açılış proqramında TABA-AmCham İdarə Heyətinin sədri Süleyman Ecevit Sanlı, Milli Məclisin deputatları Vüqar İskəndərov, Naqif Həmzəyev və Razi Nurullayev, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış ediblər.

