Tirana Ticarət Palatası qarşılıqlı əməkdaşlıqda maraqlıdır
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin Albaniya Respublikasına səfəri çərçivəsində Albaniya Respublikasının Tirana Ticarət Palatasının sədri Nikolin Jaka ilə görüşü keçirilib. Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə mövcud vəziyyəti, ticarət əlaqələrinin, investisiya imkanlarının və gələcək əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə də özəl sektor haqqında ətraflı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən, bu sahəyə olan dövlət qayğısından söhbət açıb. M.Musayev albaniyalı iş adamlarını da azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Görüşdə Tirana Ticarət Palatasının SədriNikolin Jaka bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrin, xüsusilə də aqrar sahənin inkişafına xüsusi önəm verirlər. İki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını qeyd edən Nikolin Jaka daha sonra rəhbərlik etdiyi Tirana Ticarət Palatası haqqında da geniş məlumat verib. Bildirib ki, 1897-ci ildə yaradılmış və Albaniya Respublikası sahibkarlarının 70% -dən çox hissəsini üzv kimi təmsil edən Tirana Ticarət Palatası iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən iş adamlarına xidmət göstərir. Əsas fəlaiyyət istiqamətləri – sənaye, aqrar sahə və turizm olduğunu qeyd edən palata sədri Azərbaycan Sahibkarlar Konfederasiyası ilə də əməkdaşlığın daha geniş müstəvidə qurulmasında maraqlı olduqlarını dilə gətirib.
Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tirana Ticarət Palatası arasında gələcək əməkdalıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib. Yaxın gələcəkdə hər iki təşkilat arasında Əməkdalıq üzrə Anlaşma Memerondumunun imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, səfər çərçivəsində ASK-nın prezidenti Məmməd Musayev Albaniyanın bir sıra istehsal müəssisələrində olub.