ASKON Azərbaycan bazarını araşdırır
Anadolu Aslanları İşadamları Dərnəyinin (ASKON) 30 üzvdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Türkiyəli iş adamları Azərbaycanın enerji, elektrik cihazları, inşaat, qida, tekstil, kənd təsərrüfatı, media, təhsil və digər mühüm sahələrdə birgə əməkdaşlıq üçün şirkətlər axtarırlar.
ASKON-nun İzmir şöbəsinin sədri Şerafettin Gücü Azərbaycan Sahibkarlar Konfederasiyasında görüşündə belə deyib. Qonaq bildirib ki, İzmir iş adamları səfər çərçivəsində Azərbaycanda iş qurmaq imkanları ilə yaxından tanış olacaqlar.
Onun sözlərinə görə, 4000 üzvü, 40 müxtəlif şöbəsi olan ASKON bundan sonra Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əlaqələrini daha da intensivləşdirəcək. İstər təcrübə mübadiləsinin aparılması, istərsə də birgə əməkdaşlıq nəticəsində üçüncü ölkələrə çıxmaq imkanları da hər iki təşkilat üçün prioritet olacaq.
Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse- prezidenti Vüqar Zeynalov türkiyəli sahibkarlara ölkəmizdə yaradılan əlverişli biznes mühitindən söhbət açıb. Bildirib ki, Konfederasiyanın beynəlxalq əlaqələri olduqca genişdir. Anadolu Aslanları İşadamları Dərnəyi ilə birgə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin faydalı olacağını qeyd edib.
Görüş gələcək perspektivlərin müzakirəsi ilə davam edib.